Martın 31-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Unudulmayan Faciə – 31 Mart Hadisələri” mövzusunda tədbir təşkil edilib.
“İki sahil” xəbər verir ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Mart soyqırımı” adlı sənədli film nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Böyük tariximizdə şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Tariximizin ən faciəli səhifələrindən biri də erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi 1918-ci mart qırğınlarıdır. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir. 1917-ci ilin sonlarında erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni "Daşnaksutyun" partiyası da yaxından kömək edirdi. 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Bolşevik pərdəsi altında gizlənən silahlı quldurlar qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək diri-diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək on minlərlə müsəlman əhali qətlə yetirildi. Mart soyqırımı nəticəsində ümumilikdə 30 mindən çox, o cümlədən, Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan "İsmailiyyə" binası, Tağıyev teatrı, "Açıq söz" və "Kaspi" qəzetinin redaksiyaları yandırıldı, "Təzəpir" məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxçıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi.
Seyfəddin Əliyev qeyd etdi ki, xalqımıza qarşı törədilən Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandı. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi. 31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.
Təşkilat sədri vurğuladı ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı.
Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva məruzə ilə çıxış edərək qeyd etdi ki, sovet dövründə bu həqiqətlərin əsl mahiyyətinin gizlədilməsindən, yalnız müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı günü” elan etməsindən və bununla bağlı müvafiq sərəncam və tədbirlərin görülməsindən sonra soyqırıma hüquqi və siyasi qiymət verildi.
Tədbirdə iştirak edən Şəfa Xəlilova, Günay Xəlilova və başqaları ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməyib, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib-deyə vurğuladılar.