Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli inkişafı qeyri-neft sektorunda ciddi artımlar yaradır
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam etdirilir. Bu uğurun arxasında Azərbaycan dövlətinin böyük maliyyə vəsaiti və Prezident İlham Əldiyevin geniş diqqət və qayğısı dayanır. 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manat maliyyə ayrılıb. Bu il həmin ərazilərin yenidən qurulmasına 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, cari il də daxil olmaqla bu məbləğ 25,5 milyard manata çatdırılacaq.
Hazırda azad edilmiş ərazilərdə 80 mindən çox vətəndaş yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərir. Eyni zamanda, təhlükəsizlik məsələləri də əsas prioritetlərdəndir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi, hüquq-mühafizə və ictimai təhlükəsizlik sistemlərinin qurulması qayıdışın davamlılığını təmin edən vacib amillərdir. 2025-ci ildə 69,2 min hektar sahə təmizlənib, 2020-ci ildən etibarən isə ümumilikdə 249 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan azad olunub. 2026-cı ildə əlavə olaraq 65 min hektardan artıq sahənin təmizlənməsi planlaşdırılır.
Qeyd edək ki, Qarabağ və Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı intensiv xarkter alıb. Hər ay ən azı yüz ailənin qayıdışı təmin edilir. Martın 17-də Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına dönən əhalinin rifahını təmin edən əsas amillərdən biri onların yaşayış evlərinin bərpasıdır. Aydındır ki, müasir infrastruktur qurulmadan və lazımi şərait yaradılmadan keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışı mümkün deyil. Bu məqsədlə 2026-cı ildə Xocavənd şəhərində 792 evin təmir edilməsi planlaşdırılır.
Sözsüz ki, Böyük Qayıdış konsepsiyası Azərbaycan dövlətinin postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji prioritetlərdən biridir. Bu proses, uzun illər ərzində işğal altında qalmış ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və davamlı şəkildə qayıdışını təmin etməyə yönəlib. Azad olunmuş ərazilərdə infrastrukturun – yolların, elektrik xətlərinin, su və qaz təminatının, rabitə sistemlərinin yenidən qurulması bu prosesin əsasını təşkil edir. Paralel olaraq, müasir standartlara uyğun yaşayış məntəqələri, «ağıllı kənd» və «ağıllı şəhər» layihələri həyata keçirilir ki, bu da qayıdan əhalinin yüksək həyat şəraiti ilə təmin olunmasına xidmət edir.
Böyük Qayıdış Proqramı həm də məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin bərpası, eləcə də iqtisadi aktivliyin stimullaşdırılması ilə müşayiət olunur. Dövlət tərəfindən sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün müxtəlif güzəştlər tətbiq edilir. Bu yanaşma həmin ərazilərin uzunmüddətli iqtisadi dayanıqlılığını təmin etməyə hesablanıb. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın qeyri-neft sektorunun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Bu proses vaxtilə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadi inkişafında rolunun artmasını şərtləndirir. Mütəxəsislərin hesablamalarına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaxın perspektivdə Azərbaycanın ümumi iqtisadiyyatının təxminən 10 faizinin formalaşdıracaq. Bu isə o deməkdir ki, regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində yaxın illərdə həmin ərazilərdə təxminən 15 milyard manatlıq yeni əlavə dəyər yaradıla bilər. Qeyd olunan əlavə dəyər əsasən qeyri-neft sektorunda formalaşacaq. Bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının diversifikasiyası, ümumi məhsul istehsalının artım tempinin sürətlənməsnəi və qeyri-neft ixracının genişlənməsinə mühüm töhfələr verəcəkdir.
Elçin Zaman, "İki sahil"