31 mart 2026 20:38
112

İstehlak bazarında şəffaflıq: Agentlik hansı tədbirləri görür?

Ötən il i quruma stehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət istiqamətləri üzrə 8645 müraciət daxil olub və…

İstehlakçı hüquqlarının qorunması müasir dövrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Bazar münasibətlərinin inkişafı fonunda istehlakçıların üzləşdiyi problemlərin operativ şəkildə araşdırılması, pozuntuların aradan qaldırılması və hüquqi mexanizmlərin təkmilləşdirilməsi bu sahədə fəaliyyət göstərən qurumların qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan aidiyyəti dövlət orqanlarına daxil olan şikayətlərin təhlili və görülən tədbirlər ictimai maraq doğuran məsələlər sırasındadır.

“İki sahil” olaraq ötən il ərzində istehlakçı şikayətlərinin hansı sahələr üzrə daha çox qeydə alındığı, pozuntu hallarında tətbiq olunan məsuliyyət tədbirləri və istehlakçı hüquqlarının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət istiqamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 8645 müraciət daxil olmuşdur. Müraciətlərin 4221-i qeyri-qida, 3437-si xidmət, 412-si qida, 95-i dərman vasitələri və tibbi avadanlıqlar, 18-i tütün məmulatları, 462-si isə digər sahələr üzrə olmuşdur.

Elə həmin müraciətlərin hərtərəfli araşdırılması nəticəsində bazarda mövcud olan nöqsan və pozuntu hallarının mahiyyəti də daha dolğun şəkildə üzə çıxarılıb. Agentlikdən verilən məlumata görə, müraciətlərin araşdırılması zamanı qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə (baha) satılması və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi halları üzrə 25 sahibkarlıq subyekti barəsində 54 inzibati xəta haqqında protokol tərtib edilmişdir.

Bununla yanaşı, Agentlik tərəfindən yalnız inzibati tədbirlərlə kifayətlənilməyib, eyni zamanda, bazarda qanunvericiliyə riayət səviyyəsinin artırılması məqsədilə profilaktik və maarifləndirici addımlar da atılıb. Belə ki, fəaliyyətlərinin müvafiq qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı 24 sahibkarlıq subyektinə 49 göstəriş verilmiş, 146 sahibkarlıq subyektinə isə 157 tövsiyə məktubu göndərilib.

Eyni zamanda, Agentlik istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasını da əsas istiqamətlərdən biri kimi müəyyən edib.  Qurumdan verilən məlumatda diqqətə çatdırılıb ki, istehlakçıları və sahibkarlıq subyektlərini öz hüquq və vəzifələri barədə maarifləndirmək, istehlakçı hüquqlarının həyata keçirilməsi və müdafiəsi qaydalarını izah etmək, bununla da istehlakçı hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən  “Istehlakchi.gov.az” platforması yaradılmışdır. Platformada istehlakçıların hüquqlarına dair praktiki məsələlər, qanunvericilik və hüquqi müdafiə vasitələri barədə məlumatlar yerləşdirilib.Bundan əlavə, əhalinin müxtəlif təbəqələrini məlumatlandırmaq məqsədilə Agentlik tərəfindən "İstehlakçı hüquqlarını bil və tələb et" adlı maarifləndirici kampaniya çərçivəsində müxtəlif sferalarda (geyim, elektronika, ərzaq) fəaliyyət göstərən ticarət obyektlərində, yanacaqdoldurma məntəqələrində, apteklərdə və iri ticarət mərkəzlərinin reklam lövhələrində “İstehlakçının əl kitabçası”na hiperkeçid əks olunmuş 19 471 ədəd poster yerləşdirilib. 

Vurğulanıb ki, istehlakçıların hüquqlarının pozulmasına şərait yaradan halların qarşısının alınması və sahibkarlıq subyektlərinin məsuliyyətinin artırılması məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə Bakı şəhərində və regionlarda maarifləndirici görüşlər, eləcə də istehlakçılar üçün “Açıq qapı” günləri keçirilir.

Qeyd etməliyik ki, bu təşəbbüslər bir tərəfdən bazar iştirakçıları ilə birbaşa ünsiyyətin gücləndirilməsinə, digər tərəfdən isə hüquqi maarifləndirmənin daha geniş kütlələri əhatə etməsinə şərait yaradır. Məhz bu cür ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində istehlakçılar da öz hüquqları barədə daha dolğun məlumat əldə edir və onların müdafiəsi istiqamətində daha fəal mövqe nümayiş etdirmək imkanı qazanırlar. Belə

istehlakçılar qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Yaqut Ağaşahqızı, “İki sahil”