01 aprel 2026 01:21
86

Hindistanlı qadınların əsrləri aşan saça qulluq sirləri

Gündəlik stress, ətraf mühitin mənfi təsirləri və genetik amillər saç köklərinin zəifləməsinə, nəticədə isə saç tökülməsinin artmasına səbəb olur. Bu mərhələdə qalın və sağlam saçları ilə seçilən hindistanlı qadınların uzun illərdir tətbiq etdikləri təbii baxım üsulları hər zaman diqqət mərkəzindədir.

Mütəxəssislərin fikrincə, təbii yağlar əsasında formalaşan bu baxım metodları saçları kökdən uca qədər qidalandırır, nəmləndirir və qırılmaların qarşısını alır. Müntəzəm istifadə zamanı saçların daha sıx və canlı görünməsi müşahidə olunur.

Qeyd olunur ki, mümkün allergik reaksiyaların qarşısını almaq üçün bu vasitələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Hint yağı saç tökülməsinin azalmasına kömək edir

Tərkibindəki risinoleik turşu ilə zəngin olan hint yağı (kastor yağı) saç köklərini qidalandıraraq qan dövranını stimullaşdırır. Bu isə saç tökülməsinin azalmasına və saç tellərinin möhkəmlənməsinə şərait yaradır. Mütəxəssislər bildirirlər ki, müntəzəm istifadə zamanı saçların daha qalın çıxması və uclardakı qırılmaların azalması mümkündür.

Arqan yağı saçlara parlaqlıq və elastiklik qazandırır

E vitamini və antioksidantlarla zəngin olan arqan yağı saçların dərin qatlarına nüfuz edərək onları bərpa edir. Bu yağ xüsusilə quru və zədələnmiş saçların bərpasında effektiv hesab olunur. Bundan əlavə, arqan yağı saç dərisini sakitləşdirir və kəpək probleminin azalmasına kömək edir.

Bibəriyə yağı saç köklərini aktivləşdirir

Bibəriyə yağı saç follikullarını stimullaşdıraraq onların fəaliyyətini artırır. Qan dövranını sürətləndirməsi nəticəsində saçların daha gur çıxmasına və tökülmənin azalmasına dəstək verir. Mütəxəssislər bu yağın birbaşa deyil, mütləq şəkildə daşıyıcı yağlarla (məsələn, badam və ya jojoba yağı) qarışdırılaraq istifadə olunmasını tövsiyə edirlər.

Lavanda yağı saç dərisinin sağlamlığını qoruyur

Antibakterial və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilən lavanda yağı saç dərisində yaranan qaşınma və kəpək kimi problemlərin azalmasına kömək edir. Eyni zamanda, saçlara təbii parlaqlıq və sağlam görünüş qazandırır.

Təbii yağlarla aparılan müntəzəm saç baxımı saçların sağlamlığının qorunmasına və tökülmənin azalmasına müsbət təsir göstərə bilər. Bununla belə, uzunmüddətli və intensiv saç tökülməsi hallarında mütləq mütəxəssisə müraciət olunmalıdır.

Şahnigar Əhmədova, “İki sahil”