02 aprel 2026 12:06
151

Universitetlərin köçürülməsi həm dövlətçilik, həm də iqtisadi dirçəliş baxımından fundamental addımdır

Azərbaycan Respublikasının 2027-2030-cu illəri əhatə edəcək növbəti Sosial-İqtisadi inkişaf Strategiyası çərçivəsində ali təhsil müəssisələrinin paytaxtdan regionlara köçürülməsi və bölgələrdə yeni təhsil mərkəzlərinin yaradılması məsələsi həm dövlətçilik, həm də iqtisadi dirçəliş baxımından olduqca fundamental bir addımdır. Universitetlərin köçürülməsi həmin bölgələrdə yalnız gənclərin sayını artırmır, həm də yüksək ixtisaslı kadrların həmin ərazilərə axınını təmin etmiş olacaq. Qarabağ Universitetinin yaradılması da bu strategiyanın ilkin və ən uğurlu vizit kartıdır.

Hazırda ali təhsil müəssisələrinin böyük əksəriyyətinin Bakıda həddindən artıq cəmləşməsi paytaxtın dayanıqlı inkişafına ciddi maneələr törədir. Strategiyanın həyata keçirilməsi bu istiqamətdə iki əsas problemi həll edəcək. Birinci, nəqliyyatın tənzimlənməsi digəri isə mənzil bazarının stabilləşməsi. Belə ki, tələbə hərəkətliliyinin regionlara yönəlməsi Bakıdakı nəqliyyat sıxlığını və tıxac problemini təbii yolla azaltmaqla bərabər, regionlara köçürülmə paytaxtın kirayə mənzil bazarındakı süni qiymət artımını səngidəcək və Bakıda yaşayan əhali üçün mənzil əlçatanlığını yaxşılaşdıracaqdır.

Yeni strategiyada universitetlərin köçürülməsi zamanı ixtisaslaşma prinsipi da əsas götürülməlidir. Bu, təhsilin keyfiyyətini və məzunların işlə təminatını kökündən dəyişə bilər. Kənd təsərrüfatı yönümlü fakültələrin cənub və ya qərb zonasına, məsələn Tərtər, Bərdə, Gəncə istiqamətinə, sənaye və energetika yönümlü fakültələrin Sumqayıt, Mingəçevir və ya azad edilmiş ərazilərdəki “yaşıl enerji” zonalarına köçürülməsi tələbələrin birbaşa təcrübə sahələrində olmasını təmin edəcək. Bununla da tələbə auditoriyada öyrəndiyi nəzəriyyəni binadan çıxan kimi tarlada, zavodda və ya laboratoriyada tətbiq edəcək. Bunun üçün təhsil proqramları elə qurulmalıdır ki, tələbə vaxtının bir hissəsini universitetdə, digər hissəsini isə regionun aparıcı müəssisələrində keçirə bilsin. Bu, həm tələbənin gələcək iş yerini təmin edir, həm də regiondakı şirkətləri müasir elmi kadrlarla təmin edir.

Biz universitetləri regionlara köçürərkən köhnə proqramları yeni binalara daşımaq niyyətində deyilik. Strategiyanın əsas hədəfi məkanla bərabər məzmunu da dəyişməkdir. Tərtərdə, Ağdamda və ya digər bölgələrimizdə təhsil alan tələbə hiss etməlidir ki, onun aldığı proqram dünyanın ən müasir standartlarına cavab verir və birbaşa gələcək karyerasına xidmət edir.

Yekun olaraq universitetlərin regionlara köçürülməsi sadəcə bir ünvan dəyişikliyi deyil, Azərbaycanın intellektual suverenliyinin bütün ölkə miqyasında bərqərar olmasıdır. Bizim məqsədimiz Tərtərdə, Ağdamda və ya Gəncədə təhsil alan gənclərimizin paytaxtdan geri qalmayan, əksinə, öz regionunun iqtisadiyyatını idarə edən mütəxəssislər kimi yetişməsidir. 2027-2030-cu illər Strategiyası bu istiqamətdə təhsilimizdə yeni bir intibah dövrünün əsasını qoyacaq.

Anar Məmmədov,

Milli Məclisin deputatı