02 aprel 2026 13:53
83

Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb

Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.

Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bildirilib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.

"Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyinə riayət olunmasını tələb edirik", - deyə birgə məlumatda vurğulanıb.