03 aprel 2026 18:11
107

Zəngəzur dəhlizi: Yeni regional nizamın xəritəsi

Layihəyə daxil olan avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə 70 faizi hazırdır

Son günlər Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq təhlükəsizlik və qlobal iqtisadi sabitlik baxımından ciddi narahatlıqlar doğurur. ABŞ və İsrail ilə İran arasında davam edən hərbi qarşıdurma regionu daha mürəkkəb və təhlükəli mərhələyə sürükləyib. Bu qarşıdurma yalnız regional təhlükəsizlik məsələsi deyil, eyni zamanda, qlobal enerji və ticarət sisteminə təsir göstərə biləcək ciddi geosiyasi risklər yaradır. Belə mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitdə alternativ nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti daha da artır. Xüsusilə Cənubi Qafqazda formalaşmaqda olan yeni nəqliyyat xətləri və strateji layihələr regionun gələcək iqtisadi və geosiyasi rolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Zəngəzur dəhlizi (TRIPP) layihəsi təkcə regional layihə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən yeni və daha təhlükəsiz quru tranzit marşrutunun formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu deyil, regionun iqtisadi taleyini dəyişəcək və Azərbaycanı qlobal tədarük zəncirinin vazkeçilməz hissəsinə çevirəcək bir layihədir. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ikinci əsas qolu kimi fəaliyyət göstərəcək Dəhliz bir neçə strateji üstünlüyü eyni anda təmin edir. İlk növbədə İrana gedən dəmir yolu xətti yenidən canlanacaq ki, bununla Rusiya-Bakı-Ağbənd-Naxçıvan-Culfa xətti ilə Fars körfəzinə çıxış əldə olunacaq.

Bakı yalnız Zəngəzur dəhlizi ilə kifayətlənmir, strateji təhlükəsizliyini təmin etmək üçün alternativ yolları da paralel inkişaf etdirir. Ağbənd qəsəbəsində Azərbaycanın maliyyə vəsaiti hesabına tikilən körpü Naxçıvana ikinci alternativ yol açır. Bundan əlavə, Türkiyə ilə əldə olunan razılaşma əsasında inşa ediləcək Qars-Naxçıvan dəmir yolu muxtar respublikanın birbaşa Türkiyə və Avropa dəmir yolları şəbəkəsinə qoşulmasını təmin edəcək. Naxçıvandan yüklərin iki əsas səmtə - həm Türkiyə vasitəsilə Avropaya, həm də İran üzərindən Yaxın Şərqə paylanılacağı planlaşdırılır. Çindən Avropaya gedən yüklərin daşınmasında bu yol ən səmərəli və sürətli alternativlərdən biridir. Bu çoxşaxəli yanaşma Azərbaycanı həm Şərq-Qərb, həm də Şimal-Cənub oxunda əvəzedilməz strateji tərəfdaşa çevirir. Dəhlizin illik 15 milyon ton yük qəbul etmək imkanı onun iqtisadi gücünü göstərir. Layihə təkcə ticarəti deyil, həm də regionda turizmi və humanitar əlaqələri də stimullaşdıracaq. Dəhlizin praktiki icrası istiqamətində böyük irəliləyişlər əldə edilib. Ölkə daxilindəki (Ağbənd istiqaməti) infrastruktur artıq tam yekunlaşıb. Naxçıvan Muxtar Respublikası ərazisindəki 190 kilometrlik dəmir yolu şəbəkəsinin yenidən qurulması sürətlə davam edir. Qalan kiçikmiqyaslı işlər də cari ildə yekunlaşdırılacaq.

Prezident İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən Zəngəzur dəhlizinin perspektivlərinə və bu layihənin regionun gələcək inkişafındakı roluna da toxunub. Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir: "Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 %-i, dəmir yolunun isə təxminən 70 %-i hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir".

Prezident İlham Əliyev, həmçinin Azərbaycan tərəfinin Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilməsindən şad olduğunu söyləyib: "Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir".

Nəqliyyat şəbəkələrinin inkişaf etdirilməsi və tranzit imkanlarının artırılması Türk dünyasının ortaq strateji prioriteti kimi ortaya çıxır. Bu kontekstdə iki layihə önəmli rol oynayır: Zəngəzur dəhlizi və Orta Dəhliz. Bu layihələr, yalnız regional deyil, həm də qlobal ticarət sistemində Türk dünyasının rolunu yenidən formalaşdıra biləcək potensiala malikdir. Zəngəzur dəhlizinin açılması Türk dünyasının faktiki birləşməsini təmin edəcək və iqtisadi inteqrasiyanı sürətləndirəcək. Lakin siyasi iradə, regional güc balansları və aktorların maraqları layihənin gələcəyini müəyyən edən əsas amillərdir. Orta Dəhliz isə daha geniş çərçivədə Türk dünyasının qlobal ticarətdəki mövqeyini gücləndirəcək strateji fürsət təqdim edir; lakin bu fürsətin tam mənimsənilməsi üçün infrastruktur yatırımları ilə yanaşı, institusional islahatlar və koordinasiya mexanizmlərinin də gücləndirilməsi zəruridir.

Sevinc Azadi, “İki sahil”