Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Səriyyə Salahovanın “Vətənimin qızıyam”, “Qəhrəmanlıq salnaməsi yaradanlar” və “Qəhrəmanlıq salnaməsinin davamçıları” adlı kitablarının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək təqdim olunan kitabların əhəmiyyətindən ətraflı bəhs edib, bu cür layihələrin cəmiyyət üçün vacibliyini vurğulayıb.
O, müəllifi təbrik edərək belə əsərlərin ərsəyə gəlməsinin böyük zəhmət və məsuliyyət tələb etdiyini qeyd edib. Bildirib ki, qəhrəmanlıq salnaməsi mövzusunda yazılan kitablar xalqımızın yaddaşının qorunması, gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür nəşrlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir. Asəf Ruşanov qeyd edib ki, bu gün Aprel döyüşlərinin qəhrəmanları ehtiramla yad olunur.Azərbaycan xalqı uzun illər işğal altında qalan torpaqlarını geri qaytararaq tarixi ədaləti bərpa edib.
Daha sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən hazırlanmış, yazıçı Səriyyə Salahovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda müəllifin qələmə aldığı əsərlərin mövzusu və əsas ideyası əks olunub. Qeyd edilib ki, bu cür təqdimatlar yazıçının yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, onun əsərlərində əks olunan ideyaların təbliği və oxucu marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirib ki, bu gün keçirilən təqdimat adi bir tədbir deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş mühüm bir mərasimdir.
O qeyd edib ki, şəhidlər heç vaxt unudulmur, onların xatirəsi daim yaşayır və xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Vurğulanıb ki, Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub, tarixi ədalət bərpa edilib.
Tədbirdə iştirak edən “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov, şəhid valideynləri və ziyalılar təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Çıxışlarda vurğulanıb ki, şəhidlərin xatirəsinin daim yaşadılması, onların həyat yolunun gənc nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu baxımdan keçirilən tədbirin əhəmiyyəti xüsusi qeyd olunub, belə layihələrin cəmiyyət üçün böyük dəyər daşıdığı bildirilib. Şəhid valideynləri təqdim olunan kitabların da məhz bu missiyaya xidmət etdiyini diqqətə çatdıraraq, onların gələcək nəsillər üçün mühüm mənbə olduğunu qeyd ediblər. Bildirilib ki, bu nəşrlər vasitəsilə qəhrəmanlıq tariximiz yaşadılır, bu günümüzün reallıqları gələcəyə ötürülür və vətənpərvərlik ruhu daha da möhkəmləndirilir.
Tədbirin sonunda kitabın müəllifi Səriyyə Salahova çıxış edərək kitabın yazılma prosesi və apardığı araşdırmalardan danışıb və iştirakçılara minnətdarlığını bildirib. Sonda müəllif kitablarını tədbir iştirakçılarına hədiyyə edib.