06 aprel 2026 23:37
108

"Gürcü Arzusu" "Qrantlar haqqında Qanun"a yenidən düzəliş təklif edir

"Gürcü Arzusu" "Qrantlar haqqında Qanun"a yenidən düzəliş təklif edir.

“İki sahil” xəbər verir ki, hakim partiyanın deputatları qanuna növbəti dəyişiklik layihəsini parlamentə təqdim ediblər.

Layihəyə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluq qurumları və beynəlxalq təşkilatlar tərəfindən ayrılan bəzi vəsaitlər qrant kimi qiymətləndirilməyəcək. Söhbət xarici dövlətlərin və ya siyasi partiyaların siyasi, ictimai maraqlarından irəli gələn, diplomatik nümayəndəliklərin öz fəaliyyəti ilə birbaşa əlaqəli olan maliyyə vəsaitlərindən gedir.

Dəyişiklikdə qeyd olunur ki, bu cür vəsaitlərin qrant hesab olunmaması qanunun daha aydın və vahid şəkildə tətbiqinə xidmət edəcək. Layihənin izahlı qeydinə görə, mövcud qanunvericilik bu münasibətləri tam əhatə etməsə də, yeni dəyişikliklər hüquqi boşluqları aradan qaldırmağa yönəlib.

Xatırladaq ki, "Gürcü Arzusu"nun təşəbbüsü və parlamentin qəbul etdiyi əvvəlki qərarlarla xarici qrantların alınması qaydaları sərtləşdirilib.