07 aprel 2026 18:14
107

İstanbuldakı silahlı insidentin terror təşkilatı tərəfindən törədildiyi məlum olub

İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Baş konsulluğu ətrafında baş verən silahlı insidentin İŞİD terror təşkilatının üç üzvü tərəfindən törədildiyi müəyyən edilib.

“İki sahil” xəbər verir ki, terrorçular Baş konsulluğun yerləşdiyi binanın önünə gələrək polislə atışmaya giriblər. Terrorçulardan biri ölü, ikisi isə yaralı halda ələ keçirilib. Kəşfiyyat orqanları 3 terrorçu arasında çox sıx rəqəmsal əlaqənin olduğunu müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq geniş şəkildə davam edir. İndiyə qədər İstanbulun Etilər bölgəsində 2 şübhəli saxlanılıb. Şübhəlilərin hadisə yerində olduqları və əvvəlcədən kəşfiyyat apardıqları ehtimal olunur. Onların terrorçulardan birinin qohumu olduğu da qeyd edilir. Hücum edənlərin taktiki kamuflyaj geyimində olduqları və uzun lüləli silahlarlardan istifadə etdikləri bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib. Onların İzmit şəhərindən iki avtomobillə İstanbula gəldiklərini deyən nazir, müəyyən edilən şəxslərdən birinin dini təşkilatla əlaqəsi olduğunu, ikisi qardaş olan terrorçulardan birinin isə narkotik maddələrlə bağlı qeydiyyatının müəyyən edildiyini deyib.

İstanbul valisi Davud Gül isə hadisəni təxribat xarakterli bir hərəkət kimi qiymətləndirib. Bölgədə iş yerlərinin olduğunu vurğulayan vali, “arxa tərəfdə konsulluq var və təxminən 2,5 ildir fəaliyyət göstərmir. Heç bir diplomatik əməkdaş yoxdur. “Yapı Kredi” plazanın qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu öldürüldü, 2 hücumçu yaralı ələ keçirildi”, - deyə bildirib.

Qeyd edək ki, Türkiyə vaxtı ilə təxminən saat 12 radələrində başlayan qarşıdurma 10 dəqiqəyədək davam edib. Atışmada 2 polis əməkdaşı yaralanıb. Hücum İstanbulun həm nəqliyyat, həm də insan sıxlığının ən yüksək olduğu nöqtələrdən birində baş verib.