Dünya futbolunun ən tanınmış və təcrübəli mütəxəssislərindən biri, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk” və “Zenit” kimi klubların sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, əfsanəvi məşqçinin ölümü barədə məlumatı jurnalist Emanuel Rosu yayıb.
Qeyd edək ki, Luçeskunun səhhətində problemlər martın sonunda, Rumıniya milli komandasının pley-off mərhələsində Türkiyəyə məğlubiyyətindən sonra kəskinləşmişdi. Martın 29-da məşq zamanı huşunu itirən mütəxəssis təcili xəstəxanaya yerləşdirilmiş, həkimlər onun qısa müddətli ürək dayanması keçirdiyini bildirmişdilər. Bu hadisədən bir neçə gün sonra, aprelin 2-də o, milli komandadakı vəzifəsindən ayrılmışdı.
Xatırladaq ki, məşqçilik karyerasına 1979-cu ildə Rumıniyanın “Korvinul” klubu ilə başlayan Luçesku futbol tarixinə Aleks Ferqyusondan sonra ən çox rəsmi titul qazanan mütəxəssislərdən biri kimi düşüb. O, karyerasının böyük hissəsini Ukraynada keçirərək Donetsk “Şaxtyor”u ilə UEFA Kubokunu qazanmış, həmçinin “Qalatasaray”la UEFA Superkubokuna sahib çıxmışdı.