11 aprel 2026 10:10
144

Meksikada Bakının təqdimatı: Tarixi irs və müasir şəhərsalma təcrübəsi nümayiş olunub

Meksikanın San-Fransisko de Kampeçe şəhərində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Meksika şəhərlərinin Baş Assambleyası çərçivəsində Bakı şəhərinin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirə Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının prezidenti Samanta Smit, baş direktor Xorxe Orteqa, Kampeçe bələdiyyəsinin rəhbəri Bibi Rabelo, eləcə də elmi dairələrin və diplomatik korpusun nümayəndələri qatılıb.

Azərbaycan tərəfi tədbirə fəxri qonaq qismində dəvət olunub. Təqdimatda Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud videomüraciət vasitəsilə çıxış ediblər.

Səfir S.Fətəliyev Azərbaycanın qədim sivilizasiyalara ev sahibliyi etdiyini, şəhərlərinin zəngin tarixi və mədəni irs nümunələri ilə seçildiyini bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirildiyini, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini vurğulayıb. İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini bu abidələrin beynəlxalq əhəmiyyətinin təsdiqlənməsi baxımından böyük tarixi hadisə adlandırıb. Son onilliklərdə şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, Bakıda inşa edilən yeni monumental komplekslər barədə məlumat verib.

Səfir S.Fətəliyev qeyd edib ki, bu ilin 17-22 may tarixlərində Azərbaycan paytaxtında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Bu tədbir Azərbaycan üçün həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və "ağıllı şəhərsalma modelləri"ni təşviq etmək üçün əvəzsiz platformadır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin tarixi və mədəni əhəmiyyətindən, tarixi şəhər mühitində yaşayışın idarə olunmasında qarşıya çıxan çağırışlardan danışıb. O, İçərişəhərin tarixi irsin qorunması ilə müasir şəhər həyatının inteqrasiyasını əks etdirən canlı bir nümunə olduğunu qeyd edib.

Təqdimatlar zamanı Bakı şəhərinin qədim və müasir simasını əks etdirən fotolar nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd olunub ki, Bakı Meksika şəhərləri ilə ekspert mübadiləsi və institusional əməkdaşlıq sahəsində əlaqələri gücləndirməyə hazırdır.