Avropada hava limanlarının yaxın həftələrdə aviasiya yanacağı qıtlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edilib. Bu barədə Avropa Hava Limanları Şurası (ACI Europe) məlumat yayıb.
“İki sahil” xəbər verir ki, bildirişdə qeyd edilib ki, əsas risk Hörmüz boğazında daşımaların məhdudlaşması ilə bağlıdır.
Qeyd olunur ki, əgər yaxın üç həftə ərzində bu marşrut üzrə nəqliyyat tam bərpa olunmazsa, Avropa İttifaqında sistemli yanacaq çatışmazlığı qaçılmaz ola bilər.
Məlumata görə, regionda aviasiya yanacağı ehtiyatları sürətlə azalır. Bəzi ölkələrdə mövcud ehtiyatlar cəmi 8–10 gün üçün kifayət edir ki, bu da vəziyyətin kritik həddə çatdığını göstərir.
Ekspertlər qeyd edirlər ki, problemin dərinləşməsi yay turizm mövsümünə ciddi təsir göstərə bilər. Artan yanacaq qiymətləri artıq bir sıra aviaşirkətləri reysləri azaltmağa və biletlərin qiymətini yüksəltməyə vadar edir.
Şura Avropa Komissiyasını təcili tədbirlər görməyə çağırıb. Təkliflər arasında yanacaq tədarükünün monitorinqinin gücləndirilməsi, birgə satınalmaların təşkili və neft emalının prioritet şəkildə aviasiya yanacağı istehsalına yönəldilməsi yer alır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vəziyyət stabilləşməzsə, bu, Avropanın nəqliyyat əlaqələrinə və ümumilikdə iqtisadiyyatına ciddi zərbə vura bilər.