11 aprel 2026 17:27
109

Britaniya Çaqos razılaşmasını dayandırır

ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasından sonra Böyük Britaniya rəhbərliyi 2026-cı ildə Hind okeanında yerləşən Çaqos arxipelaqının Mavriki dövlətinə təhvil verilməsini nəzərdə tutan müqaviləni parlamentin müzakirəsinə çıxarmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" telekanalı Böyük Britaniyanın Baş naziri Kir Starmerin aparatının rəsmi nümayəndəsinin açıqlamasına əsaslanaraq xəbər yayıb.

Sözçü bildirib ki, həmin ərazidəki hərbi baza həm Birləşmiş Krallıq, həm də Amerika Birləşmiş Ştatları üçün mühüm hərbi-strateji əhəmiyyət kəsb edir.

"Bizim əsas hədəfimiz bu bazanın uzunmüddətli əməliyyat təhlükəsizliyini qorumaqdır. Müqavilə də məhz bu məqsədlə bağlanmışdı. Razılaşmanın hərbi bazanın gələcəyini təmin etmək üçün ən optimal variant olduğunu düşünürük. Lakin əvvəldən bəyan etdiyimiz kimi, bu proses yalnız ABŞ-ın razılığı və dəstəyi ilə davam edə bilər", - deyə nümayəndə vurğulayıb. O, Mavriki, eləcə də ABŞ ilə məsləhətləşmələrin davam edəcəyini sözlərinə əlavə edib.

Nəşrin xəbərinə əsasən, bu sənəd Kral III Çarlzın ənənəvi taxt çıxışının mətninə daxil edilməyib. Qeyd edək ki, kralın may ayında edəcəyi həmin çıxışda qarşıdan gələn bir il ərzində qəbul ediləcək bütün əsas hökumət qanun layihələrinin elan olunması planlaşdırılır.

Xatırladaq ki, bir müddət öncə ABŞ lideri rəsmi Londonun arxipelaqı Mavrikiyə təhvil vermək niyyətini "böyük ağılsızlıq" kimi qiymətləndirmişdi.