13 aprel 2026 14:42
117

Almaniya yanacaq qiymətlərini azaltmaq üçün...

Almaniya hökuməti artan neft qiymətləri fonunda istehlakçılar və müəssisələr üçün yanacaq xərclərini ümumilikdə 1,9 milyard ABŞ dolları (təxminən 1,6 milyard avro) həcmində azaltmaq barədə razılığa gəlib.

“İki sahil” xəbər verir ki,  məlumatı Reuters yayıb.

Məsələ ilə bağlı açıqlamanı Almaniya kansleri Friedrich Mertz verib. Onun sözlərinə görə, hakim koalisiya – Xristian-Demokrat İttifaqı (CDU) və onun tərəfdaşı Sosial-Demokrat Partiyası (SPD) – yanacaq vergilərinin müvəqqəti azaldılması barədə qərar qəbul edib.

Qərara əsasən, dizel və benzin üçün vergi iki ay müddətinə litr başına təxminən 0,17 avro azaldılacaq. Bu addımın məqsədi beynəlxalq bazarlarda neftin bahalaşmasının əhalinin və bizneslərin üzərinə düşən yükünü azaltmaqdır.

Bundan əlavə, koalisiya şirkətlərə işçilərə 1000 avroya qədər kompensasiya bonusu verməyə icazə verib. Bu ödəniş vergidən azad olacaq və birbaşa işçilərin gəlirinə təsir göstərəcək.

Hakimiyyət bu tədbirlərin enerji qiymətlərinin artması fonunda iqtisadi sabitliyi qorumağa və inflyasiya təzyiqini azaltmağa kömək edəcəyini bildirir.