Amerika administrasiyası hesab edir ki, İrana qarşı hərbi əməliyyatın vəzifələri yerinə yetirilib və münaqişənin sonlandırılmasına başlamaq vaxtı çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bildirib.
"Mən, həqiqətən, hesab edirəm ki, biz tapşırıqlarımızın yerinə yetirildiyi bir vəziyyətə gəlib çatmışıq. Biz bunu yekunlaşdırmağa başlaya bilərik", - o qeyd edib.
Bununla yanaşı, Vens münaqişəni "uğurlu danışıqlar"la başa çatdırmağa üstünlük verəcəyini vurğulayıb. Aparıcının İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasındakı danışıqlar zamanı nəyin səhv getdiyi barədə sualına Vens: "Hər şey yaxşı keçdi. Biz böyük irəliləyiş əldə etdik", - deyə cavab verib.
O həmçinin İranın "ABŞ-də narahatlıq doğuran" nüvə proqramı məsələsinə də toxunub:
"Buna görə də biz bu materialı ölkədən tamamilə çıxarmaq istərdik ki, o, Birləşmiş Ştatların nəzarəti altında olsun... İranlıların nüvə silahına sahib olmaq niyyətində olmadıqlarını deməsi bir məsələdir, bunun baş verməyəcəyini təmin edən mexanizm yaratmağımız isə başqa bir məsələdir. Şübhəsiz ki, onların uranı zənginləşdirmək imkanının olmamasına zəmanət vermək də bunun bir hissəsidir".