15 aprel 2026 00:37
137

Miqren xəstələri üçün yeni ümid

Türk alimlərindən yeni açıqlama: Xəstəliyin mənbəyi təkcə beyin deyil

Dünyada təxminən 1,5 milyard insana təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə geniş yayılmış miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. Araşdırmaya görə, miqrenin yaranma mexanizmi yalnız beyinlə məhdudlaşmır, prosesdə bağırsaq-beyin əlaqəsi də mühüm rol oynayır.

Türk alimlərinin iştirakı ilə aparılan və Neyroelm və Neyrotexnologiya Mükəmməllik Mərkəzi (NÖROM) çərçivəsində həyata keçirilən tədqiqat miqren tutmalarının arxasında dayanan bioloji mexanizmləri daha aydın şəkildə ortaya qoyub.

Tədqiqatın nəticələrinə əsasən, xroniki miqren xəstələrində “CGRP” adlı maddənin səviyyəsi yüksəlir, eyni zamanda, bağırsaq mikrobiomunda pozulmalar və bağırsaq keçiriciliyində artım müşahidə olunur. Bu tapıntılar miqrenin yalnız mərkəzi sinir sistemi ilə deyil, həm də həzm sistemi ilə əlaqəli ola biləcəyini göstərir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət “bağırsaq-beyin oxu” üzərindən inkişaf edən kompleks bir mexanizmi ortaya çıxarır.

Enerji balansı və hüceyrə səviyyəsində dəyişikliklər

Araşdırmada miqrenin yalnız lokal beyin problemi deyil, ümumi enerji balansı ilə bağlı bir pozuntu ola biləcəyi də vurğulanır. Xüsusilə mitoxondrilərin enerji istehsalındakı zəifliklərin xəstəliyin inkişafında rol oynaya biləcəyi qeyd edilir.

NÖROM Mərkəzinin müdiri Hayrunnisa Bolay Belen bildirib ki, “CGRP” maddəsi miqren tutmalarına təsir edən əsas faktorlar sırasındadır və xroniki miqren xəstələrində bu maddənin səviyyəsi normadan yüksək olur.

Araşdırmanın nəticələri göstərir ki, miqren həm beyində, həm də bağırsaqlarda baş verən dəyişikliklərin birgə təsiri nəticəsində formalaşa bilər. Bu isə gələcəkdə müalicə yanaşmalarının yalnız nevroloji deyil, eyni zamanda, metabolik və qastroenteroloji aspektləri də əhatə edə biləcəyini göstərir. Mütəxəssislər bu nəticələrin miqrenin diaqnostika və müalicəsində yeni yanaşmaların inkişafına təkan verə biləcəyini bildiriblər.

Şahnigar Əhmədova, “İki sahil”