Böyük Britaniyanın ictimai yayımçısı BBC maliyyə çətinliklərini aradan qaldırmaq məqsədilə işçi heyətində ciddi ixtisarlara gedəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, qurumun yaydığı məlumata görə, ümumilikdə, 1800-dən 2000-ə qədər iş yerinin ixtisarı planlaşdırılır. Bu isə təxminən hər 10 əməkdaşdan birinin işini itirməsi deməkdir.
BBC növbəti iki il ərzində 500 milyon funt sterlinq həcmində qənaət etməyi hədəfləyir. Qurumun müvəqqəti baş direktoru Rhodri Talfan Deyvis bildirib ki, bu məqsədə çatmaq üçün bəzi televiziya və radio kanallarının və ya xidmətlərin tamamilə bağlanması ehtimalı istisna edilmir. Qeyd olunub ki, qarşıdakı üç-dörd ay ərzində əsas məqsəd dəyişiklikləri həyata keçirərkən radio, televiziya və onlayn platformalarda tamaşaçılar üçün vacib olan xidmətlərin qorunub saxlanılmasıdır.