Qırğızıstanda vilayətlər və rayonlar ləğv edilərək, əvəzinə 20 regional dairə yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Noqat rayonunun sakinləri ilə görüşdə inzibati islahatların ikinci mərhələsindən danışarkən bildirib.
Dövlət başçısı deyib ki, hazırda respublikada 44 rayon, 33 şəhər var:
“Vilayətlər və rayonlar ləğv olunacaq, 20 dairə yaradılacaq, sadə dillə desək, nəticədə 20 vilayət olacaq, buna doğru gedirik. Amma buna hələ təxminən üç-dörd il vaxt var”.
Japarovun sözlərinə görə, əvvəlcə pilot layihə kimi bir dairə yaradılacaq və iki-üç il ərzində onun necə idarə olunacağı yoxlanılacaq. Əsas meyar həmin dairənin respublika dotasiyasından çıxıb-çıxa bilməməsi olacaq. Layihə uğurlu olarsa, vilayətlər və rayonlar tamamilə ləğv ediləcək və ölkə dairələrə bölünəcək.
Sadır Japarov həmçinin bildirib ki, inzibati-ərazi islahatlarının birinci mərhələsi uğurla başa çatıb.