16 aprel 2026 15:06
156

Bu ilin ilk iki ayında Şimal–Cənub dəhlizi üzrə tranzit 23 faiz artıb

Azərbaycan-Rusiya əməkdaşlığında nəqliyyat-logistika sahəsi strateji əhəmiyyətini sürətlə artırır və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi regionda əsas tranzit marşrutlardan biri kimi mövqeyini möhkəmləndirir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev aprelin 16-da Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında söyləyib.

Baş nazirin müavini diqqətə çatdırıb ki, 2026-cı ilin ilk iki ayında Şimal–Cənub dəhlizi üzrə tranzit daşımalar 23 faiz artıb. Bu dövrdə dəmir yolu daşımalarında 61 faiz, avtomobil daşımalarında isə 13 faiz artım qeydə alınıb.

Ş.Mustafayev vurğulayıb ki, dəhlizin rəqəmsallaşdırılması və “e-CMR” elektron qaiməsinin tətbiqi üzrə Yol Xəritəsinin imzalanması daşımaların sadələşdirilməsinə, şəffaflığın və səmərəliliyin artırılmasına xidmət edəcək.

Dövlət rəsmisi bildirib ki, Azərbaycan tranzit ölkə kimi Şərq–Qərb və Şimal–Cənub marşrutlarında mühüm rol oynayır. Dövlət sərhədində fəaliyyət göstərən dörd keçid məntəqəsi vasitəsilə fasiləsiz yükdaşımalar təmin olunur. 2025-ci ildə avtomobil yükdaşımalarının həcmi 5,4 milyon tonu ötərək 9 faiz artıb.

Şahin Mustafayev qeyd edib ki, müvafiq infrastruktur layihələri çərçivəsində 2028-ci ildən etibarən Azərbaycan ərazisi üzrə illik tranzit potensialının ən azı 5 milyon tona çatdırılması, gələcəkdə isə 15 milyon tona qədər artırılması planlaşdırılır.

“Azərbaycan enerji sistemi Rusiyanın enerji sistemi ilə paralel rejimdə fəaliyyət göstərir, maliyyə hesablaşmalarında isə Rusiya rublunun payı artaraq ixracda 42 faizə, idxalda 83 faizə yüksəlib”, - deyə o əlavə edib.