15 dekabr 2016 18:10
174

İranın “Mahan Air” şirkəti Tehran-Bakı-Tehran reysini açmaq fikrindədir

Artıq yekunlaşmaqda olan il ərzində Azərbaycan ilə İran arasında hava nəqliyyatı ilə əlaqə intensiv olub. Cari ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı istiqamətində həftədə 10 reys həyata keçirib. Yay aylarında AZAL həmçinin Bakı-Təbriz-Bakı və Bakı-Məşhəd-Bakı istiqamətində həftədə 2 dəfə çarter reysləri təşkil edib.

Bundan əlavə İranın “ATA Airlines” şirkəti həftədə 5 dəfə Bakı-Tehran, həftədə 2 dəfə Tehran-Təbriz-Bakı, Məşhəd-Bakı, həftədə 1 dəfə isə Şiraz-Bakı istiqamətində uçuşlar edib.

İranın “Mahan Air” şirkəti də Azərbaycana turist axınını nəzərə alaraq Tehran-Bakı-Tehran reysini açmaq fikrindədir və bunun üçün müvafiq qurumlarla danışıqlar aparır.