20 aprel 2026 18:50
126

Bir qaşıq qida, böyük məsuliyyət: Yeni standartlar qüvvədə

Qida təbliğatçısı: Körpənin dad yaddaşı ilk aylardan formalaşır və bu prosesə süni müdaxilə yolverilməzdir

Müasir dövrdə qida təhlükəsizliyi məsələsi xüsusilə həssas qrup sayılan körpə və erkən yaşlı uşaqlar üçün daha böyük əhəmiyyət kəsb edir. Uşağın həyatının ilk ayları və illəri onun fiziki və zehni inkişafının əsasını təşkil etdiyi üçün bu mərhələdə qəbul edilən qidanın keyfiyyəti, tərkibi və təhlükəsizliyi birbaşa gələcək sağlamlığa birbaşa təsir göstərir. Bu baxımdan dövlət səviyyəsində tətbiq edilən nəzarət mexanizmlərinin gücləndirilməsi, normativ bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və bazarda olan məhsulların daha ciddi çərçivəyə salınması mühüm zərurət kimi çıxış edir. Azərbaycanda da bu istiqamətdə atılan addımlar körpə qidaları sahəsində daha şəffaf, təhlükəsiz və məsuliyyətli mühitin formalaşdırılmasına xidmət edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq qərarı ilə “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları” təsdiq edilib.

İstehsalçı artıq öz bildiyi kimi deyil, qaydalara uyğun işləməlidir

Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, AQTA tərəfindən təsdiqlənən yeni sanitariya norma və qaydaları körpə qidalarına dair tələbləri daha dəqiq, konkret və ölçülə bilən çərçivəyə salır. Bu yanaşma istehsalçıların fəaliyyətində subyektivliyi minimuma endirərək, onların müəyyən edilmiş standartlara uyğun işləməsini zəruri edir. Sənədlərdə qeyd olunur ki, bu tələblər Avropa İttifaqının müvafiq normativ bazası, həmçinin Codex Alimentarius və digər beynəlxalq sənədlər əsasında hazırlanıb. Nəticədə ümumi prinsiplərdən daha çox konkret göstəricilər, dəqiq limitlər, qadağalar və etiketləmə tələbləri ön plana çıxarılıb.

Tərkib baxımından əsas məqsəd körpə qida formulları və əlavə qidaların yaşa uyğun, sabit keyfiyyətə malik olmasını təmin etməkdir. Bu istiqamətdə dadlandırıcılar və aromatizatorlar kimi körpənin seçim davranışına təsir edən əlavələrə münasibət daha sərt şəkildə tənzimlənir. Eyni zamanda, şəkər mənbələrinin və bəzi digər komponentlərin istifadəsi konkret limitlərlə müəyyənləşdirilir.

Etiketdə gizli heç nə qalmır…

Asim Vəliyev onu da qeyd etdi ki, etiketləmə sahəsində də mühüm dəyişikliklər nəzərdə tutulur. Valideynlər üçün məhsul haqqında məlumatın daha aydın və anlaşıqlı təqdim edilməsi tələb olunur. Xüsusilə ana südünün üstünlüyü ilə bağlı xəbərdarlıqların verilməsi, qidanın düzgün hazırlanma qaydaları, istifadə ediləcək suyun temperaturu kimi təhlükəsizlik detalları etiket üzərində açıq şəkildə göstərilməlidir. Bundan əlavə, məhsulun ana südünə bərabər kimi təqdim olunması və ya onu ideallaşdıran reklam üslubuna yaxın ifadələrin istifadəsi məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından, xüsusilə əlavə qidalarda pestisid qalıqları kimi risk faktorlarına dair tələblər daha da sərtləşdirilir. Bu yanaşma beynəlxalq praktikada qəbul edilən “Körpə qidalarında risklərin minimuma endirilməsi” prinsipinə tam uyğundur. Ümumilikdə, bu dəyişikliklərin əsas nəticəsi bazarda daha standartlaşdırılmış, şəffaf tərkibli və istifadəsi daha təhlükəsiz məhsulların payının artmasıdır. Eyni zamanda, valideynlər üçün seçim prosesində reklam təsirindən daha çox etiket üzərində təqdim olunan faktiki məlumatlara əsaslanmaq imkanı genişlənir.

Nigar Orucova, “İki sahil”