21 aprel 2026 10:48
125

Kiçik dənələr, böyük fayda

Həm praktik, həm də qidalı qəlyanaltı kimi gündəlik rasionda geniş istifadə olunan kişmiş tərkibindəki təbii şəkər, vitamin və minerallar sayəsində orqanizm üçün bir sıra faydalar təmin edir.

Qeyd olunur ki, yüksək lif tərkibi sayəsində kişmiş həzm sisteminin fəaliyyətini dəstəkləyir, mədə-bağırsaq sistemini tənzimləyərək qəbizlik riskini azaldır. Eyni zamanda, tərkibinin kaliumla zəngin olması qan təzyiqinin normada saxlanmasına kömək edir və ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, kişmiş sürətli enerji mənbəyi kimi də önə çıxır. Tərkibindəki təbii şəkərlər gün ərzində yaranan yorğunluğun azalmasına kömək edə bilər. Bundan əlavə, kişmişin tərkibindəki kalsium və bor kimi minerallar sümüklərin möhkəmlənməsində mühüm rol oynayır və osteoporoz riskinin azalmasına dəstək verir.

Kişmişin dəmir tərkibi isə anemiya riskinin qarşısının alınmasına kömək edə bilər. Bununla yanaşı, kişmiş antioksidantlarla zəngin olması sayəsində dərinin daha sağlam və elastik qalmasına da müsbət təsir göstərir. Eyni zamanda, bu məhsul immun sisteminin güclənməsinə dəstək verərək orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Mütəxəssislər vurğulayırlar ki, kişmiş faydalı qida olsa da, tərkibində yüksək miqdarda şəkər olduğuna görə onun ölçülü şəkildə qəbul edilməsi məsləhətdir.

Şahnigar Əhmədova, “İki sahil”