21 aprel 2026 16:54
179

Uşaqlarda ekran vaxtı necə tənzimlənməlidir? - OFTALMOLOQDAN VACİB TÖVSİYƏLƏR

Uşaqlarda rəqəmsal cihazlardan istifadə xüsusi nəzarət tələb edir.

Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə açıqlamasında bildirir ki, erkən yaş dövründə ekran vaxtının düzgün tənzimlənməsi gələcəkdə yarana biləcək görmə problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Onun sözlərinə görə, 2–5 yaş arası uşaqlarda gündəlik ekran istifadəsi maksimum 1 saatla məhdudlaşdırılmalı, daha böyük yaş qruplarında isə bu müddət 1–2 saatı keçməməlidir. Valideynlər bu prosesi praktik olaraq cihazlarda mövcud olan vaxt məhdudiyyəti funksiyaları vasitəsilə nəzarətdə saxlaya bilərlər.

Mütəxəssis qeyd edir ki, uşaqların asudə vaxtının düzgün təşkili də vacib amillərdəndir. Onların açıq havada oyunlara cəlb edilməsi, fiziki aktivliyinin artırılması və kitab oxumağa yönləndirilməsi həm fiziki, həm də zehni inkişaf baxımından böyük əhəmiyyət daşıyır.

Fərəh İsmayılova vurğulayır ki, uşaqlarda düzgün vərdişlərin formalaşmasında valideynlərin rolu həlledicidir. Bu baxımdan, valideynlərin öz davranışları ilə nümunə olması xüsusilə önəmli hesab olunur.

Yaqut Ağaşahqızı,”İki sahil”