24 aprel 2026 00:16
121

Süni intellektə etibar etmək təhlükəlidirmi?

Yeni elmi araşdırma süni intellekt əsaslı çatbotların verdiyi tibbi məsləhətlərin əhəmiyyətli hissəsinin etibarlı olmadığını ortaya qoyub. Tədqiqatın nəticələrinə görə, bu cür platformaların sağlamlıqla bağlı  təqdim etdiyi cavabların təxminən yarısı müxtəlif səviyyələrdə səhv və ya natamamdır.

Son illərdə süni intellekt çatbotları iş dünyasından gündəlik həyata qədər bir çox sahədə geniş istifadə olunmağa başlayıb. Təhsil, marketinq və digər sahələrdə faydalı alət kimi qəbul edilsə də, mütəxəssislər bu texnologiyaların yanlış məlumat yaymaq potensialına görə ciddi risklər daşıdığını vurğulayırlar.

ABŞ, Kanada və Böyük Britaniyadan olan tədqiqatçılar tərəfindən aparılan araşdırmada beş məşhur süni intellekt çatbotu - “ChatGPT”, “Gemini”, “DeepSeek”, “Meta AI” və “Grok”  test edilib. Bu platformalara xərçəng, peyvəndlər, kök hüceyrə müalicəsi, qidalanma və idman performansı ilə bağlı müxtəlif suallar ünvanlanıb.

Araşdırma çərçivəsində cavablar düzgünlük, tamlıq və anlaşıqlılıq meyarlarına əsasən qiymətləndirilib. Nəticələr göstərib ki, cavabların təxminən 30 faizi qismən problemlidir, 20 faizi isə ciddi səhvlər ehtiva edir. Tədqiqatçılar bildiriblər ki, bu tip səhv məlumatlar peşəkar tibbi məsləhət olmadan tətbiq edilərsə, ya təsirsiz qalır, ya da insan sağlamlığı üçün risk yarada bilər.

Məlumata görə, çatbotlar qapalı tipli suallarda və xüsusilə xərçəng və peyvənd mövzularında nisbətən daha yaxşı nəticə göstərib. Bununla belə, ümumi performans baxımından platformalar arasında ciddi fərq müşahidə olunmayıb. Araşdırmada ən çox səhv edən alət “Grok”, ən az səhv edən isə “Gemini” kimi qeyd olunub.

Tədqiqatın digər diqqətçəkən nəticəsi isə cavabların mürəkkəblik səviyyəsi ilə bağlıdır. Belə ki, təqdim olunan məlumatların əsasən ali təhsilli şəxslər üçün anlaşıqlı olduğu, geniş auditoriya üçün isə çətin qavranıldığı müəyyən edilib.

Alimlər, həmçinin qeyd edirlər ki, çatbotların cavabları çox vaxt inandırıcı və qətiyyətli səslənsə də, bu məlumatlar əksər hallarda etibarlı və tam mənbələrlə əsaslandırılmır. Bu isə istifadəçilərdə əsaslı olmayan təhlükəsizlik hissi yarada bilər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, süni intellekt alətləri real vaxt məlumatlarına çıxış əldə etmir, əsasən əvvəlcədən öyrədilmiş məlumat bazası əsasında ehtimal olunan cavablar formalaşdırırlar. Bu səbəbdən də bu texnologiyalar tibbi qərarların verilməsində əsas mənbə kimi istifadə edilməməlidir.

Mütəxəssislər əhalini sağlamlıqla bağlı məsələlərdə ilk növbədə həkimlərə müraciət etməyə çağırır və süni intellekt alətlərindən yalnız əlavə informasiya mənbəyi kimi istifadə olunmasını tövsiyə edirlər.

Şahnigar Əhmədova, “İki sahil”