27 aprel 2026 14:21
165

Maarifləndirmə artsa da, profilaktik davranışlar hələ də zəif formalaşıb - KARDİOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə sağlam həyat tərzi və xəstəliklərin profilaktikası ilə bağlı məlumatlandırma artsa da, mütəxəssislər bu biliklərin gündəlik davranışa çevrilməsində ciddi boşluqların qaldığını bildirirlər. Onların sözlərinə görə, risklər barədə məlumat mövcud olsa da, profilaktik vərdişlər hələ də kifayət qədər tətbiq olunmur.

Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri  Şəfəq Nəzirova “İki sahil”ə açıqlamasında bildirib ki, cəmiyyətdə sağlam həyat tərzi və profilaktika ilə bağlı maarifləndirmə son illərdə artsa da, ümumi səviyyə hələ də orta və qeyri-bərabərdir.

“İnsanların böyük hissəsi siqaretin zərərli olduğunu və yüksək təzyiqin təhlükəli olduğunu bilir. Lakin müntəzəm təzyiq ölçmə, sağlam qidalanma və fiziki aktivlik kimi vərdişlər geniş yayılmayıb. Bu isə biliklə davranış arasında açıq boşluğun olduğunu göstərir,” — deyə kardioloq bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda profilaktik müayinələr və skrininq proqramları daha sistemli şəkildə qurulub. “Bizdə isə maarifləndirmə daha çox kampaniya xarakteri daşıyır, davamlı və sistemli yanaşma tam formalaşmayıb. Nəticədə profilaktika əvəzinə, xəstəlik yarandıqdan sonra müalicəyə üstünlük verilir,” — deyə o, əlavə edib.

Ş. Nəzirova qeyd edib ki, maarifləndirmə əsasən televiziya, sosial media, həkim tövsiyələri və bəzi dövlət proqramları vasitəsilə aparılır, lakin bu məlumatlar çox vaxt parçalı və qeyri-davamlı olur. “Qidalanma ilə bağlı yanlış təsəvvürlər də geniş yayılıb. ‘Ev yeməyi zərərsizdir’ düşüncəsi var, amma duz və yağ miqdarının yüksək olması ürək-damar xəstəlikləri üçün ciddi risk yaradır,” - deyə o, bildirib.

Kardioloq əlavə edib ki, insanlar çox vaxt yalnız şikayət yarandıqda həkimə müraciət edir, halbuki hipertoniya uzun müddət simptomsuz inkişaf edə bilər. Onun sözlərinə görə, siqaret və digər risk faktorları xüsusilə gənclər arasında ciddi qəbul edilmir ki, bu da gələcəkdə ÜDX riskini artırır.

Həmsöhbətim əlavə edib ki, səhiyyə sistemi baxımından son illərdə check-up və skrininq xidmətlərinin artdığı, kardioloji xidmətlərin inkişaf etdiyi bildirilsə də, birincili profilaktikanın zəifliyi və ailə həkimliyi sisteminin tam effektiv olmaması əsas problemlər olaraq qalır.

“Gənclər arasında maarifləndirmə əsasən sosial media üzərindən aparılır, amma informasiya bolluğu fonunda yanlış məlumatların yayılması da müşahidə olunur,” - deyə Ş. Nəzirova qeyd edib.

Nəticə olaraq, onun sözlərinə görə, Azərbaycanda sağlamlıq maarifləndirilməsi mövcuddur, lakin sistemsiz və davamlı olmadığı üçün davranış dəyişiminə tam çevrilmir. “Əsas problem məlumatın olmaması deyil - həmin məlumatın həyat tərzinə çevrilməməsidir,” - deyə kardioloq vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”