28 aprel 2026 11:15
134

Elmə və insanlığa xidmət

(professor Məmməd Qocayevin 85 illik yubileyinə)

Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Məmməd Qocayevin elmi irsi müasir filoloji düşüncənin mühüm istiqamətlərini əhatə edən, dərin nəzəri ümumiləşdirmələrə və zəngin faktoloji bazaya söykənən fundamental tədqiqatlar sistemi kimi diqqəti cəlb edir. Onun Azərbaycan və dünya ədəbiyyatının korifeylərinə həsr etdiyi araşdırmaları yalnız ayrı-ayrı sənətkarların yaradıcılıq portretinin cızılması ilə məhdudlaşmır, bütövlükdə ədəbi-tarixi prosesin mahiyyətinə, inkişaf qanunauyğunluqlarına və ideya-estetik təkamül mərhələlərinə yönəlmiş konseptual baxış ortaya qoyur.    

Məmməd Qocayevin uzun illər ərzindəki elmi-pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbə, magistr və alimlər nəsli, eləcə də dünya ədəbiyyatının klassik nümunələrindən etdiyi tərcümələr onun filologiyaya xidmətinin miqyasını daha da genişləndirir. 85 illik ömür yolu və məhsuldar elmi fəaliyyəti ilə professor Məmməd Qocayev Azərbaycan elmi-ədəbi fikrinin inkişafında silinməz iz qoymuş görkəmli alimlərdəndir. Onun elmi irsi zamanın sınağından çıxmış, bu gün  də aktuallığını qoruyan və gələcək nəsillər üçün etibarlı elmi-nəzəri dayaq rolunu oynayan qiymətli mənbədir.

Bu yubiley yazısına professor Bədirxan Əhmədlinin Məmməd Qocayev haqqında söylədiyi fikirlərlə başlamaq yerinə düşər. O, haqlı olaraq vurğulayır ki, Məmməd Qocayev “ədəbiyyatşünaslığımızın patriarxı, Dostoyevskişünas və Nizamişünas”dır. Bu səciyyələndirmə zahiri akademik titul və ya bioqrafik faktların xronikası deyil, əksinə, alimin elmi irsinin miqyasını, nəzəri-metodoloji əsaslarını və çoxistiqamətli araşdırma spektrini ümumiləşdirən nəzəri-elmi dəyərləndirmədir. Professorun M. Qocayevlə bağlı işlətdiyi “şünas” anlayışı formal terminoloji etiket deyil, müəyyən ədəbi sistemin daxili semantik mexanizmlərini açan, onun poetik strukturunu və ideya-fəlsəfi qatlarını milli və ümumbəşəri kontekstlərdə şərh edən alim tipinin ifadəsidir. Bu mənada Məmməd Qocayev təkcə Fyodor Dostoyevski yaradıcılığının dərin analitiki və Nizami Gəncəvi irsinin sistemli tədqiqatçısı kimi deyil, həm də ədəbiyyatşünaslıq düşüncəmizin istiqamətverici siması kimi çıxış edir. Onun elmi maraq dairəsi göstərilən istiqamətlərlə məhdudlaşmır. M. Qocayev eyni zamanda Məhəmməd Füzuli irsinin semantik və metafizik potensialını üzə çıxaran Füzulişünas, Koroğlu obrazının poetik-funksional mahiyyətini açan Koroğluşünas, həmçinin Lev Tolstoy irsinin fəlsəfi-estetik və ideya-bədii qatlarını dərinliklə təhlil edən Tolstoyşünas, Hüseyn Cavid yaradıcılığını fəlsəfi-estetik müstəvidə şərh edən Cavidşünas kimi səciyyələndirilə bilər. Bu adlandırmalar şərti epitet deyil, onlar M.Qocayevin qeyd olunan şəxsiyyətlərin yaradıcılıq sistemini hərtərəfli araşdıraraq,  bu sistemi bütöv estetik-fəlsəfi konstruksiya kimi dəyərləndirməsinin elmi nəticəsidir.

Bütün türk dünyasının qəhrəmanlıq simvolu olan Koroğlu barədə M.Qocayevin yazdığı “Koroğlunun poetikası” əsəri sadəcə bir yazı deyil, dərin məzmunlu fəlsəfi bir traktatdır. Xalqın bədii təfəkkürünün məhsulu olan bu abidə, həm də onun mənəvi varlığının təcəssümü, eləcə də qəhrəmanlıq idealının ifadəsi kimi yaddaşlara həkk olunmuşdur. Eposda Çənlibel utopik dünyası, Koroğlunun formalaşması, zaman və məkan problemi, xalqın gülüş mədəniyyəti, “Koroğlu”da varlı qızları, komik səhnələr, müdriklik və dəlilik və s. kimi məsələlər müəllif tərəfindən geniş təhlil edilmişdir. Müəllifə görə, Koroğlu obrazı xalqın qəhrəmanlıq dünyasının mərkəzi kimi formalaşır və onun ətrafında bütöv bir ideal, utopik aləm yaranır. Qırat, Misri qılınc və Çənlibel kimi atributlar təbiət qüvvələrinin simvolu kimi çıxış edərək bu dünyanı tamamlayır və xalqın kosmik təfəkkürü ilə əlaqələndirilir. Koroğlunun formalaşması prosesi onun silahdaşları və Nigar xanımla münasibətləri fonunda tamamlanır, nəticədə Çənlibel vahid və harmonik bir dünya modelinə çevrilir. Müəllif həmçinin bu ideal dünyanın əks qütbü kimi zalım hakimiyyətləri göstərərək, xeyir və şər qarşıdurmasını simvolik şəkildə təqdim edir.

 Təhlil nəticəsində alim belə qənaətə gəlir ki, epos xalq ruhunun məhsulu və bədii ifadəsi kimi xalqın mənəvi, ictimai, etik və estetik görüşlərini özündə əks etdirmişdir. Eposun bədii-estetik mahiyyətini dərindən öyrənmək üçün xalqın dünyagörüşünə, xalqı başa düşmək üçün onun yaratdığı və qoruyub bu günə qədər yaşatdığı bu möhtəşəm söz abidəsinə müraciət etmək lazımdır.

Məmməd Qocayevin tədqiqatlarında insan problemi ədəbi-tarixi prosesin tərkib hissəsi kimi geniş şəkildə araşdırılır. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən Məhəmməd Füzuliyə qədərki dövrdə bu problemin təkamül dinamikası, eləcə də Nizami, Nəsimi və Füzuli yaradıcılığında insan konsepsiyasının tipoloji xüsusiyyətləri sistemli təhlilə cəlb olunur. Bununla yanaşı, barokko ədəbiyyatında insan probleminin spesifikası və Məsihinin “Vərqa və Gülşa” poemasının ideya-bədii mahiyyəti geniş elmi müstəvidə şərh edilir. O, dünya və Şərq ədəbi-fəlsəfi fikrinin aparıcı nümayəndələrinin yaradıcılığını kompleks və sistemli metodoloji yanaşma əsasında təhlil obyektinə çevirir.

M.Qocayev Nizami Gəncəvi və İmadəddin Nəsimi irsində mətnaltı semantik qatları, Məsihi yaradıcılığında poetik və ideya-estetik çoxplanlılığı, Uilyam Şekspir dramaturgiyasında isə humanist dünya modelinin formalaşma mexanizmlərini üzə çıxarır. Eyni zamanda, Ziqmund Freyd və Karl Qustav Yunqun psixoanalitik və analitik psixologiya konsepsiyalarının fəlsəfi-antropoloji mahiyyəti şərh edilir və bu nəzəriyyələrin Fyodor Dostoyevski yaradıcılığında dərin psixoloji motivlərin, ekzistensial gərginliyin və metafizik “qaranlıq səhnələrin” interpretasiyasında oynadığı rol elmi əsaslarla izah olunur. Nəhayət, Nikolay Vasilyeviç Qoqol estetikasında gülüş fenomeninin mənəvi-etik funksiyaları, Ceyms Coysun “Ulis” romanında isə reallıq və röya sərhədlərinin dekonstruksiyası nəticəsində formalaşan modernist şüur modeli fəlsəfi aspektdə təhlil edilir.

Bu çoxsahəli elmi təhlillərin məntiqi nəticəsi kimi M.Qocayev belə bir qənaətə gəlir ki, insan ontoloji baxımdan “əşrəfi-məxluqat” statusuna malik olsa da, onun bir varlıq kimi bütövlüyü və mənəvi kamilliyi ilahi başlanğıcdan kənarda mümkün deyil. İnsan Allahdan - varlığı bütün mövcudluq qatlarını müəyyən edən ali substansiyadan - təcrid olunduqda zahiri müstəqillik əldə edə bilər, lakin bu müstəqillik yalnız ilahi varlığa iman və sevgi ilə mənalandırıla bilər. İlahi dayağı inkar edən şüur isə qaçılmaz olaraq mənəvi deqradasiyaya və faciəyə məhkumdur. M.Qocayevin “Nizaminin insan fəlsəfəsi” (1997) adlı kitabındakı yanaşmasına görə, Nizami Gəncəvinin qəhrəmanlarını faciəyə sürükləyən əsas səbəb onların Allaha yönəlmiş mənəvi bağdan qopmalarıdır. Həqiqətə çatmaq yalnız allahpərəstlik və ilahi harmoniya yolunda mümkündür. İlahi varlığın və ona inamın mövcudluğu insanın ontoloji mövcudluğunun əsas şərtidir, əks halda, allahlıq iddiası ilə çıxış edən insan, paradoksal şəkildə, öz insanilik mahiyyətini də itirmiş olur.

Məmməd Qocayevin analitik təfəkkürünün dərinliyi, güclü psixoloji duyum qabiliyyətinə və ədəbi-mədəni-tarixi proseslərin mahiyyətinə nüfuz etmək bacarığına malik olması onun elmi irsini fərqləndirən başlıca keyfiyyətlərdəndir. Alimin araşdırmalarını diqqətlə izlədikdə aydın olur ki, bu tədqiqatlar oxucuda yalnız ayrı-ayrı ədəbi faktlar və ya sənətkar portretləri haqqında məlumat formalaşdırmır, eyni zamanda ədəbiyyatşünaslıq elminin bütün əsas istiqamətləri üzrə bütöv və sistemli elmi təsəvvür yaradır. Bu baxımdan onun “Bədii ədəbiyyatda insan fəlsəfəsi” adlı məqalələr toplusu (2001) diqqəti daha çox cəlb edir. Bir sözlə, ədəbiyyatın keçdiyi tarixi inkişaf mərhələləri, həmin mərhələlərin ideya-estetik xüsusiyyətləri, eləcə də bu mərhələlərdə yaşamış və fəaliyyət göstərmiş ayrı-ayrı sənətkarların həyat və yaradıcılığı onun araşdırmalarında daxili məntiq və elmi ardıcıllıqla təqdim olunur. O, klassik və folklor irsini sistemli-filoloji, müqayisəli-tipoloji və fəlsəfi-estetik metodologiya əsasında təhlil edərək ədəbi mətnin arxasında dayanan dünya modelini, mədəni yaddaşı və milli-estetik təfəkkür tipini rekonstruksiya etməyə çalışır. Bu baxımdan onun elmi fəaliyyəti yalnız ədəbiyyat tarixinin faktoloji zənginləşdirilməsi deyil, eyni zamanda ədəbi-mədəni düşüncənin nəzəri əsaslarının yenidən qurulması istiqamətində mühüm intellektual hadisə kimi dəyərləndirilməlidir.

Alimin araşdırmalarında ümumdünya ədəbi-tarixi proses ardıcıl, sistemli və müqayisəli şəkildə təhlil olunur, müxtəlif dövrlər və ədəbi cərəyanlar arasında daxili ideya-estetik əlaqələr üzə çıxarılır. Onun araşdırmaları dünya ədəbiyyatının inkişaf trayektoriyasını milli ədəbi düşüncə ilə qarşılıqlı münasibətdə təqdim etməklə, filoloji elmdə genişmiqyaslı sintezə nail olur. Bu kontekstdə milli zəmin - adət-ənənələrimiz, ana dilimiz, dini-mənəvi dəyərlərimiz, tarixi yaddaşımız və milli kimliyimiz - onun elmi mövqeyində ümumbəşəri dəyərlərlə üzvi vəhdətdə nəzərdən keçirilir.

Professorun tədqiqatlarında milli-mənəvi dəyərlər lokal çərçivə ilə məhdudlaşdırılmır, əksinə, onlar bəşər mədəniyyətinin ümumi inkişaf qanunauyğunluqları kontekstində elmi əsaslarla şərh edilir. Bu cür yanaşma alimin elmi irsini yalnız milli filologiya çərçivəsində deyil, həm də dünya ədəbiyyatşünaslığının nəzəri paradiqması daxilində aktual və əhəmiyyətli elmi fenomen kimi səciyyələndirməyə əsas verir. Bu baxımdan onun “Ədəbiyyatda obrazlar və xarakterlər” (2009, rus dilində) məqalələr toplusu xüsusi elmi çəkisi ilə seçilir. İnsan varlığının ontoloji missiyası, mənəvi kamillik ideyası və ümumbəşəri əxlaqi prinsiplər müəllifin tədqiqatlarında elmi dəqiqlik və fəlsəfi sistemlilik müstəvisində konseptuallaşdırılır. Həmin topludakı M.Qocayevin araşdırmaları dünya ədəbiyyatında təşəkkül tapmış ədəbi cərəyanların inkişaf trayektoriyalarını və ədəbi-tarixi faktların daxili məntiqini açmaq baxımından yüksək elmi dəyərə malikdir. Bu tədqiqatlar yalnız faktoloji zənginliyi ilə deyil, eyni zamanda nəzəri-metodoloji problemlərin həllinə gətirdiyi prinsipial aydınlıqla fərqlənir. Alimin metodoloji mövqeyi ədəbiyyatı statistik hadisə kimi deyil, tarixi-mənəvi kontekstlə sıx bağlı olan və fasiləsiz inkişaf edən dinamik sistem kimi dərk etməyə imkan yaradır.

Məmməd Qocayevin elmi konsepsiyasının mərkəzində insan problemi dayanır. O, ədəbi hadisələri və bədii yaradıcılığı insanın tarixən keçdiyi təkamül və kamilləşmə yolu prizmasından ümumiləşdirir, insanın mənəvi-ruhi inkişafını ədəbiyyatın əsas məzmun və məqsədi kimi təqdim edir. Bu baxımdan alimin ədəbi araşdırmaları elə bir konseptual model formalaşdırır ki, həmin model vasitəsilə bədii yaradıcılıq yüksək fəlsəfi və humanist səviyyəyə yüksəlir. Bu elmi-nəzəri yüksəklikdən baxdıqda təkcə Azərbaycan və dünya ədəbiyyatının inkişaf mənzərəsi deyil, eyni zamanda bəşəriyyətin keçdiyi mənəvi və ruhi həyat yolu aydın şəkildə görünür. Onun tədqiqatları məhz bu ümumiləşdirici gücü ilə seçilir və onun elmi irsini zamanın fövqündə dayanan, geniş humanitar məna daşıyan fundamental dəyərə çevirir.

Alim “Eşqin metafizikası” adlı məqaləsində Orta əsrlər ədəbiyyatını “ruhi oyanış” konsepsiyası əsasında nəzəri baxımdan təhlil edir və eşq fenomenini həmin dövrün aparıcı ontoloji-estetik kateqoriyası kimi dəyərləndirir. Müəllif qədim dövrü daha çox cismani başlanğıcın və fiziki-estetik dünyagörüşün üstünlük təşkil etdiyi mərhələ kimi səciyyələndirir. Orta əsrlər isə insanın daxili aləminə yönəldiyi, ruhun özünü dərk etdiyi və ilahi həqiqətə can atdığı mərhələ kimi şərh olunur.

Tədqiqatda Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri eşqin sakrallaşma modelinin klassik nümunəsi kimi təqdim edilir. Bu modeldə eşq sadəcə iki fərdin münasibəti deyil, insanı mənəvi kamilliyə aparan ilahi bir yol kimi mənalandırılır. Sonrakı mərhələdə Füzuli yaradıcılığında eşq anlayışı daha dərin ruhi-psixoloji qatlarda işlənir və onun metafizik mahiyyəti gücləndirilir. Hüseyn Cavidin əsərlərində isə eşq artıq yalnız fərdi hiss deyil, insanın varlıq və inanc problemi ilə birbaşa bağlı olan fəlsəfi kateqoriyaya çevrilir.

M.Qocayevə görə, eşq adi psixoloji və ya məişət hadisəsi kimi deyil, insanın daxili mahiyyətini dəyişdirən, onu mənəvi cəhətdən saflaşdıran və yüksəldən əsas qüvvə kimi başa düşülməlidir. Bu yanaşma çərçivəsində Azərbaycan ədəbiyyatında eşq motivinin inkişafı maddi başlanğıcdan ruhi kamilliyə doğru yüksəlişin bədii-estetik modeli kimi ümumiləşdirilir. Azərbaycan ədəbiyyatında eşq mövzusu Nizamidən başlayaraq uzun və ardıcıl təkamül yolu keçir. Bu xətt öz zirvə nöqtəsinə Hüseyn Cavidin “Şeyx Sənan” əsərində çatır. Həmin əsərdə eşq sevənlər üçün adi hiss səviyyəsindən yüksələrək ilahi məna qazanır və mənəvi inanc, hətta din səviyyəsində dərk olunur. Beləliklə, eşq burada insanın varlığını dəyişdirən və onu ali həqiqətə yaxınlaşdıran müqəddəs bir dəyər kimi təqdim edilir.

Məlum olduğu kimi, Hüseyn Cavidin “Mən fəqət hüsni-xuda şairiyim, / Yerə enməm də, səma şairiyim” beytinin ədəbiyyatşünaslıq diskursunda formalaşmış interpretasiya modeli tənqidi-filoloji aspektdə hər dəfə yenidən nəzərdən keçirilir. Ədəbiyyatşünaslıqda geniş yayılmış mövqeyə görə, həmin misralar Cavidin romantik estetik özünüdərkinin poetik ifadəsi kimi qiymətləndirilir və müəllifin ideya-bədii platformasının birbaşa manifesti hesab olunur. Məmməd Qocayev tərəfindən isə bu yanaşmanın metodoloji cəhətdən problemli olduğu əsaslandırılır. O, araşdırma zamanı göstərir ki, sözügedən beyt müəllifin lirik subyektiv nitqinə deyil, “Peyğəmbər” dramının qəhrəmanına məxsusdur və konkret dramatik situasiyada səsləndirilir. Bu baxımdan, obrazın nitqi ilə müəllif mövqeyinin eyniləşdirilməsi ədəbi mətnin poetik strukturu və janr spesifikası ilə uzlaşmır. Kontekstual-semantik təhlil nəticəsində müəyyən edilir ki, “səma şairi” ifadəsi romantik cərəyan mənsubiyyətini deyil, ilahi vəhyə bağlı metafizik missiyanın simvolik-poetik ifadəsini bildirir. Dramaturji situasiyada “şair” anlayışı əvvəlcə ittiham və istehza semantikası daşısa da, qəhrəmanın cavabında bu anlayış yenidən mənalandırılır və ilahi həqiqətin daşıyıcısı statusu ilə əlaqələndirilir.

Beləliklə, “səma şairiyim” = “romantik şairəm” tezisinin kontekstdənkənar oxunun nəticəsi olduğu göstərilir. Tədqiqatın əsas qənaəti ondan ibarətdir ki, bədii mətnin adekvat interpretasiyası üçün kontekst prinsipi, obraz-müəllif münasibətlərinin diferensiasiyası və janrın poetik xüsusiyyətləri nəzərə alınmalıdır. Müəllif Cavid poetikasının təhlilində sitatların təcrid olunmuş şəkildə deyil, mətn bütövlüyü çərçivəsində şərh edilməsinin zəruriliyini elmi arqumentlərlə əsaslandırır. M.Qocayev H.Cavid haqqında fikirlərini belə yekunlaşdırır: “O, realist şairdir. Onun əsərlərindəki fəlsəfi vüsət və fəlsəfi dərinlik romantizm kimi dəyərləndirilməməlidir. Bu mənada Cavid Dostoyevskiyə çox oxşayır. Dostoyevskini də romantik realist adlandıranlar olmuşdur. Amma bütün fantastik səhnələrə, fəlsəfi ideyaların coşqunluğuna baxmayaraq, Dostoyevski, eynilə də Cavid, realist yazıçılardır. Onların realizmi dərin fəlsəfi realizmdir, çünki həyatın və insan psixologiyasının üzdə olan məişət, sosial həqiqətlərini deyil, dərində, ruhda, təhtəlşüurda olan fəlsəfi həqiqətlərini açıb göstərirlər. Bu da bəsit naturalizmdən, fiziologizmdən, sosiologizmdən və digər izmlərdən fərqli olaraq qeyri-adilik xisləti kəsb edir. Odur ki, tədqiqatçılarımız da işin asanına gedərək H.Cavidi romantik şair adlandırmaqla yaxalarını qurtarmış olurlar”.

Məmməd Qocayev “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşməsi məsələsinə dair bəzi qeydlər” sərlövhəli yazısında bu problemi yeni metodoloji baxışla şərh edir və mədəniyyətin inkişafını cəmiyyət tarixindən asılı olmayan, daxili və üzvi qanunauyğunluqlarla müəyyənləşən müstəqil proses kimi təqdim edir. Müəllif öz araşdırmasında sosial-ictimai amillərlə izah olunan ənənəvi yanaşmanı tənqid edərək, mədəni hadisələrin əsasını milli ruhun inkişafı ilə əlaqələndirir. Şərq və Qərb mədəniyyətlərinin fərqli xüsusiyyətlərinə baxmayaraq, onların eyni inkişaf mərhələlərindən keçdiyi vurğulanır. Azərbaycan ədəbiyyatının mərhələləri də ümumilikdə Qərb ədəbiyyatı ilə paralel götürülür, lakin bəzi dövrlərdə zaman fərqləri qeyd olunur. İntibah dövrünün XII–XVI əsrləri əhatə etdiyi və Nizamidən Füzuliyə qədər davam etdiyi əsaslandırılır, sonrakı mərhələ isə Yeni dövr kimi səciyyələndirilir. Barokko və klassisizmdə insan amilinin güclənməsi yeni insan konsepsiyasının formalaşmasına səbəb kimi qiymətləndirilir. Azərbaycan ədəbiyyatında romantizm və realizm mərhələlərinin ardıcıllığı məsələsi problem kimi qoyulur və romantizmin daha erkən dövrlərdə axtarılması təklif edilir. Yuxarıda qeyd etdiyimiz kimi, H.Cavid yaradıcılığı romantik deyil, fəlsəfi dərinlikli realizm kontekstində izah olunur. XX əsr ədəbiyyatında modernizm və postmodernizmin mövcudluğu təsdiqlənir və onların konkret nümunələrlə əsaslandırılması verilir. Nəticə etibarilə, Azərbaycan ədəbiyyatının dövrləşməsi Qədim dövr, Orta əsrlər dövrü və İntibah, eləcə də Yeni dövr mərhələləri (barokko, romantizm, realizm, modernizm, postmodernizm) üzrə sistemləşdirilir.

Məmməd Qocayev növbəti araşdırmasında ədəbi-tarixi prosesin ziddiyyətli inkişaf xarakterini təhlil edərək, onun “iki addım irəli, bir addım geri” prinsipi üzrə hərəkət etdiyini əsaslandırır. Müəllif göstərir ki, ədəbi metodların bir-birini əvəz etməsi zamanı ifrat meyillər meydana çıxır, lakin sonradan bu meyllər tənzimlənərək daha balanslı estetik sistemlər formalaşdırılır. Romantizmdən realizmə keçid prosesində əvvəlcə naturalizmin ifrat realizmi ortaya çıxır, lakin sonrakı mərhələdə romantik ideal ilə real gerçəkliyin sintezi realizmin daha dolğun formalaşmasına gətirib çıxarır. Bu kontekstdə romantizm və realizm qarşılıqlı şəkildə bir-birini tamamlayan və insanın ikili mahiyyətini ifadə edən estetik sistemlər kimi təqdim olunur.

Eyni inkişaf qanunauyğunluğu realizmdən modernizmə və postmodernizmə keçiddə də müşahidə edilir. Modernizm, ənənəvi harmonik dünya modelinin inkarı kimi çıxış edərək nihilist mövqe tutur və bu baxımdan ifrat “irəli addım” kimi səciyyələndirilir. Lakin bu inkarçılıq tarixi zərurət kimi qiymətləndirilir və köhnə estetik sistemlərin dağıdılmasına xidmət edir. Postmodernizm isə modernizmin yaratdığı xaosdan sonra yeni harmoniya axtarışı ilə xarakterizə olunur və realizmin bəzi prinsiplərinə qayıdaraq sintez xarakteri daşıyır. Beləliklə, ədəbi-tarixi prosesdə inkişaf ardıcıl deyil, dalğavari xarakter daşıyır və hər yeni mərhələ əvvəlkilərin həm inkarı, həm də davamı kimi formalaşır.

M.Qocayev böyük ustalıqla akademik Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” romanlarının müasir Azərbaycan ədəbiyyatında keyfiyyətcə yeni mərhələ yaratdığını və dünya ədəbi prosesində mühüm mövqe qazandığını əsaslandırır. O vurğulayır ki, yazıçının yaradıcılığı yalnız qabaqcıl ədəbi ənənələrdən bəhrələnməklə məhdudlaşmır, o, çağdaş dünya ədəbi-mədəni mühitinin fəal iştirakçısı kimi çıxış edərək bu prosesə orijinal töhfələr verir.

Romanlarda qaldırılan problemlər ümumbəşəri xarakter daşıyır və müasir oxucunun mənəvi, fəlsəfi axtarışlarını əks etdirir. Bu əsərlər Azərbaycan ədəbiyyatının modernizmdən postmodernizmə keçid mərhələsini dolğun şəkildə ifadə edir, yeni bədii düşüncə modelinin formalaşmasına xidmət edir. Yazıçının yenilikçi yanaşması ədəbi mühitdə geniş rezonans doğurmuş, əsərlərinin  birmənalı qarşılanmaması isə məhz bu yeniliyin göstəricisi kimi qiymətləndirilmişdir.

“Yarımçıq əlyazma” romanında tarixi yaddaş və milli ideallar məsələsi yeni prizma altında təqdim olunur; müəllif keçmişin bütləşdirilməsinə qarşı çıxaraq oxucunu gələcək ideallar üzərində düşünməyə yönəldir. “Sehirbazlar dərəsi” əsərində intiqam və nifrət duyğularının insan həyatını deformasiyaya uğratdığı, məhvə gətirdiyi göstərilir, buna qarşı ruhi kamillik və harmoniyanın üstünlüyü ön plana çəkilir. “Unutmağa kimsə yox...” romanında isə reallığın çoxqatlı təbiəti, paralel dünyaların mövcudluğu və insan şüurunun sərhədləri bədii-fəlsəfi müstəvidə araşdırılır.

Nəticə etibarilə, Kamal Abdullanın romanları milli ədəbi ənənə ilə qlobal bədii düşüncəni sintez edərək, insanın mənəvi dünyasını, tarixi yaddaşını və varlıq problemlərini kompleks şəkildə əks etdirən, yüksək estetik dəyərə malik əsərlər kimi səciyyələndirilir.

Vissarion Belinskinin Aleksandr Puşkinin “Yevgeni Onegin” romanına həsr etdiyi məqalə hələ tələbəlik illərindən məndə müəyyən elmi-estetik təsəvvürlərin formalaşmasına zəmin yaratmışdısa, Məmməd Qocayevin Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinə dair yazdığı “XX əsrin eşq əfsanəsi” adlı məqaləsi həmin təsəvvürləri daha yüksək nəzəri-estetik səviyyəyə qaldırdı. Onun bu romana dair konseptual yanaşmasında “Altıncı mərtəbə” obrazı empirik reallıqdan kənarda, lakin mənəvi-ruhi planda mövcud olan ideal məkanın simvolu kimi şərh edilir. Zaurun daxili aləmində bu məkan onun Təhminəyə olan məhəbbətinin simvolu olaraq təqdim olunur və real həyatın məişət çərçivələrinə qarşı qoyulur.

Məmməd Qocayev Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri ilə paralellər apararaq, klassik və müasir eşq anlayışları arasında müqayisəli təhlil verir. Burada Məcnunun ilahi eşqi ilə Zaurun daha çox psixoloji və sosial məhdudiyyətlərlə şərtlənən məhəbbəti qarşılaşdırılır. Nəticədə göstərilir ki, müasir insanın eşqi ilahi səviyyəyə yüksələ bilmir və daha çox praqmatik reallıqlarla məhdudlaşır. Zaur obrazı bu baxımdan daxili ziddiyyətlər içində qalan, seçim qarşısında tərəddüd edən və nəticədə eşqini qurban verən tipik müasir insan modeli kimi təqdim olunur.

Əsərdə ailə, ənənə və fərdi hisslər arasında yaranan konflikt əsas problem kimi çıxış edir və bu konfliktin həlli məişət səviyyəsində qalır. Müəllifin qənaətinə görə, yazıçı hadisələri bilərəkdən faciəvi kulminasiyaya çatdırmır, əksinə, onları gündəlik həyatın axarında saxlayaraq daha real və inandırıcı təsvir yaradır. Bu yanaşma romanın poetikasında realizm və modernizm elementlərinin sintezini şərtləndirir.

Mətnin mühüm ideyalarından biri də müasir dövrdə eşqin transformasiyası ilə bağlıdır: eşq artıq insanı tam şəkildə özünə tabe edən ilahi qüvvə deyil, müxtəlif sosial və psixoloji faktorlarla məhdudlaşan hiss kimi təqdim olunur. Bu səbəbdən Zaur və Təhminə münasibəti klassik eşq əfsanəsi səviyyəsinə yüksələ bilmir. Nəticə etibarilə, “altıncı mərtəbə” ideyası reallıqla uzlaşmayan, lakin insan ruhunun dərin qatlarında yaşayan idealın simvoluna çevrilir. Bu idealın itirilməsi isə müasir insanın mənəvi natamamlığını və daxili tənhalığını ifadə edir. Bir sözlə, Məmməd Qocayev məhəbbətin, ənənənin və fərdi azadlığın qarşılıqlı münasibətlərini fəlsəfi-estetik müstəvidə ümumiləşdirir.

Analoji səciyyəli elmi-estetik təsir M. Qocayev tərəfindən Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanına həsr olunmuş tədqiqatında, Osvald Şpenqlerin dil və ədəbiyyat konsepsiyasına dair araşdırmalarında, “Don Kixot və Don Juan” probleminə həsr olunmuş müqayisəli-tipoloji təhlillərində və eləcə də “Fridrix Nitşenin insan fəlsəfəsi”nə dair məqalə və elmi mülahizələrində də müşahidə edilir. Bütün bunlar Məmməd Qocayevin akademik səviyyəli tənqidçi kimi  kompetensiyasını, habelə ədəbiyyatşünaslıq metodologiyasının nəzəri və tətbiqi prinsiplərini sistemli şəkildə mənimsədiyini təsdiqləyən mühüm göstərici kimi qiymətləndirilməlidir. 

Lev Tolstoyun yaradıcılığı, o cümlədən “Anna Karenina” romanının bədii-estetik və fəlsəfi məziyyətləri də M. Qocayev tərəfindən araşdırılmışdır. Araşdırmada romanın dünya ədəbiyyatında ən kamil nümunələrdən biri kimi qiymətləndirildiyi və onun ailə qanunlarını fəlsəfi müstəvidə təqdim etdiyi vurğulanır. Əsərin məşhur ilk cümləsi xoşbəxtlik və bədbəxtlik anlayışlarını ümumbəşəri həqiqət və ondan yayınma formaları kimi şərh edir. Romanda xəyanət motivi, ailə müqəddəsliyinin pozulması ilahi qanunlara ziddiyyət kontekstində izah olunur. Anna obrazının faciəsi əsasən ailə qanununun və mənəvi məsuliyyətin pozulması ilə əlaqələndirilir. Eyni zamanda əsərdə məhəbbət və ehtirasın qarşıdurması göstərilir, bu münasibətin nəticəsində həqiqi sevginin məhv olduğu ideyası irəli sürülür. Romanın kompozisiyasında Anna xətti ilə yanaşı Levin xəttinin verilməsi ailə dəyərlərinin həm pozulma, həm də qorunma modellərini müqayisəli şəkildə təqdim edir. Levin obrazı vasitəsilə həyatın mənası məsələsi din və xalq müdrikliyi kontekstində izah olunur. Əsərdə fərdi faciə ilə ümumbəşəri mənəviyyat problemləri vəhdətdə təqdim edilir. Nəticə etibarilə, roman məqsədyönlü didaktikadan uzaq olsa da, insanın mənəvi kamilləşməsinə güclü təsir göstərən canlı və bütöv bədii sistem kimi dəyərləndirilir.

Böyük rus yazıçısı F.M.Dostoyevskinin yaradıcılığının elmi təhlili, eyni zamanda onun mürəkkəb fəlsəfi-psixoloji mətnlərinin Azərbaycan dilinə adekvat şəkildə tərcümə olunması son dərəcə yüksək məsuliyyət, dərin elmi hazırlıq, geniş mədəni dünyagörüşü və xüsusi peşəkarlıq tələb edir. Şüur və təhtəlşüurun vəhdəti əsasında formalaşan, insan psixologiyasının ən incə qatlarına nüfuz edən bu bədii-fəlsəfi şedevrlərin məhz Məmməd Qocayev kimi yüksək ixtisaslı mütəxəssis və tanınmış dostoyevskişünas-alim tərəfindən araşdırılması və tərcümə edilməsi Azərbaycan ədəbiyyatşünaslığı və tərcümə mədəniyyəti üçün mühüm elmi hadisə kimi dəyərləndirilməlidir. O, Dostoyevskinin “Yoxsul insanlar”, “Şeytanlar”, “Yeniyetmə” romanlarını, “Oxşar”, “Ölü evdən qeydlər”, “Gizlindən qeydlər”, “Ev sahibəsi”, “Zəif ürək” povestlərini, “Paxla”, “Gülməli adamın yuxusu”, “Cənab Proxarçin” hekayələrini, eləcə də “Yazıçının gündəliyi”ni Azərbaycan dilinə yüksək elmi-estetik səviyyədə, orijinal mətnin ideya-fəlsəfi dərinliyini və üslub xüsusiyyətlərini qorumaqla tərcümə etmişdir. Bu tərcümələr yalnız dil uyğunluğu baxımından deyil, eyni zamanda mətnin psixoloji gərginliyinin, daxili monoloqların və ideya yükünün dəqiq çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

M. Qocayevin qənaətinə görə, F. M. Dostoyevskinin “Gizlindən qeydlər”, “Paxla” və “Gülməli adamın yuxusu” əsərlərinin ardıcıl oxunuşu yazıçının insanı mənəvi qaranlıqdan işığa doğru yönəltmək ideyasını üzə çıxarır. Təhlildən aydın olur ki, bu əsərlərdə təsvir olunan məkanlar zahiri deyil, insan ruhunun müxtəlif qatlarını ifadə edən simvolik sahələrdir. Kosmik miqyaslı hadisələr əslində XIX əsr insanının daxili aləmində baş verir və bu, insanın mikro aləmdən makro aləmə yüksəlməsi kimi şərh olunur. Eyni zamanda, hər üç əsərdə “antiqəhrəman” tipinin psixoloji portreti açılır; insanın gizli tərəfləri, daxili ziddiyyətləri və mənəvi aşınma prosesləri göstərilir. Əsərlərin süjeti həyat və ölüm, bu dünya ilə axirət arasındakı qarşıdurma üzərində qurularaq insan varlığında baş verən keçid məqamlarını əks etdirir. Xüsusilə qeyd olunur ki, “Gizlindən qeydlər” insan psixologiyasının dərinliklərinə yönəlir, “Paxla” axirət kontekstində mənəvi çürüməni təsvir edir, “Gülməli adamın yuxusu” isə mənəvi dirçəliş və həqiqətə dönüş ideyasını irəli sürür. Bir sözlə, Dostoyevski qəhrəmanlarını real mühitdən çıxararaq irreal müstəviyə keçirir və bu üsulla insan xarakterinin daha dərin, fəlsəfi qatlarını üzə çıxarır.  

Dostoyevski yaradıcılığının möhtəşəmliyini dərindən dərk etmək, onun ideya-fəlsəfi və psixoloji qatlarının miqyasını hiss etmək üçün professor M. Qocayevin bu sahəyə həsr olunmuş kitab və araşdırmalarına müraciət etmək xüsusi elmi maraq doğurur. Dostoyevskinin   bədii dünyasına M. Qocayevin tədqiqat prizmasından baxış yazıçının yaradıcılığını təkcə ədəbi hadisə kimi deyil, insanın mənəvi-ruhi varlığını, daxili ziddiyyətlərini və ekzistensial seçimlərini əks etdirən bütöv bir fəlsəfi sistem kimi qavramağa imkan verir. Alimin Dostoyevski yaradıcılığına həsr olunmuş fundamental tədqiqatları - “F.M.Dostoyevskinin yaradıcılığında xarakter problemi” (1990) adlı monoqrafiyası, “F.M.Dostoyevskinin ideya və xarakterləri” (2007) kitabı, habelə bu istiqamətdə qələmə aldığı çoxsaylı elmi məqalələri onun Dostoyevski irsinə konseptual, sistemli və dərin elmi yanaşmasının bariz nümunəsidir. Bu araşdırmalarda yazıçının əsərlərindəki xarakterlər sistemi, ideya-fəlsəfi qarşıdurmalar və insanın mənəvi-ruhi aləminə dair problemlər geniş nəzəri ümumiləşdirmələr səviyyəsində təhlil olunur.

Beləliklə, professor Məmməd Qocayevin Dostoyevski yaradıcılığına dair elmi və tərcümə fəaliyyəti yalnız ayrı-ayrı mətnlərin Azərbaycan oxucusuna təqdim edilməsi ilə məhdudlaşmır, bütövlükdə Azərbaycan dostoyevskişünaslığının formalaşması və inkişafında mühüm mərhələ təşkil edir. Bu fəaliyyət alimin elmi irsinin həm milli, həm də ümumdünya ədəbiyyatşünaslıq kontekstində əhəmiyyətini bir daha təsdiqləyir.

Cənnət, gözəllik və mənəvi kamillik ideyaları üzərində düşünən, dünyaya, həyata və insana münasibəti şüur və təhtəlşüur vəhdətində təhlil edən Məmməd Qocayev üçün Dostoyevski yaradıcılığı sadəcə tədqiqat obyekti deyil, dərin elmi axtarışların istinad nöqtəsi kimi çıxış edir. Alim, Dostoyevski mətnlərinə müraciət etməklə, onu uzun illər düşündürən fundamental problemləri - insanın mənəvi məsuliyyəti, azadlıq və vicdan anlayışları, xeyir və şər qarşıdurması, ümumbəşəri dəyərlərin mahiyyəti və s. sistemli şəkildə araşdırmaq və ümumiləşdirmək üçün geniş elmi zəmin hazırlamışdır. Bu aspektdən yanaşdıqda Dostoyevski yaradıcılığı M. Qocayevin elmi konsepsiyasında əvvəlcədən planlaşdırılmış, lakin daim aktual olaraq qalan problemlərin dərinləşdirilməsi üçün məhsuldar bir mənbə rolunu oynayır. Alimin tədqiqatları nəticəsində yazıçının bədii dünyası fərdi estetik hadisədən çıxaraq, insan haqqında əsas ideya və təsəvvürlərin cəmləşdiyi universal mənəvi modelə çevrilir. Məhz bu yanaşma professor M. Qocayevin Dostoyevski irsinə dair araşdırmalarını xüsusi elmi dəyərə malik, müasir humanitar düşüncə üçün əhəmiyyətli mənbə səviyyəsinə yüksəldir.

Gözəllik və cənnəti insan ruhunun dərin qatlarında axtaran, onların mövcudluğunu insan varlığının ayrılmaz hissəsi kimi qəbul edən, nifrətin içindəki məhəbbəti və məhəbbətin daxilindəki nifrəti, zülmətin qoynunda təcəssüm edən işığı və işığın içində gizlənən zülməti duyub üzə çıxarmağa çalışan Dostoyevski dünyası ilə professor M. Qocayevin elmi düşüncə sistemi arasında dərin mənəvi-ideya yaxınlığı müşahidə olunur. Bu kontekstdə, Dostoyevskinin insan ruhunun paradoksal mahiyyətinə yönəlmiş baxışını Məmməd Qocayevin elmi-fəlsəfi təhlilində davam edən ardıcıl bir düşüncə xətti kimi dəyərləndirmək tamamilə əsaslıdır.

İnsan ruhunda mövcud olan əzəli və əbədi mahiyyətlərə can atmaq, onları elmi-nəzəri səviyyədə üzə çıxarmaq və oxucuya çatdırmaq bacarığı professor Məmməd Qocayevin tədqiqatçı təbiətinə xas olan əsas xüsusiyyətlərdəndir. Alim insanın daxili aləmini statistik deyil, daim hərəkətdə olan, ziddiyyətlər və mənəvi qarşıdurmalar içində formalaşan mürəkkəb bir sistem kimi dərk edir və bu sistemi ədəbi mətnlərin dərin qatlarına enməklə elmi ümumiləşdirmələr səviyyəsində təqdim edir.

Professor M. Qocayevin “Dostoyevski ətrafında düşüncələr” (2012) kitabı onun uzun illər ərzində mərhələ-mərhələ formalaşmış elmi təcrübəsinin, zəngin bilik bazasının və incə psixoloji duyum qabiliyyətinin məntiqi nəticəsi olmaqla yanaşı, bütövlükdə onun dünyagörüşünü, humanist mövqeyini və elmi-fəlsəfi düşüncə tərzini əks etdirən fundamental əsərdir. Bu kitabda Dostoyevski irsi yalnız tədqiqat obyekti kimi deyil, insanın mənəvi-ruhi varlığını dərk etməyə yönəlmiş genişmiqyaslı elmi konsepsiyanın əsas dayaqlarından biri kimi təqdim olunur. Kitabda Dostoyevskinin demək olar ki, bütün yaradıcılığı məharətlə izlənilmiş və hərtərəfli təhlil edilmişdir. Heç bir detal, heç bir motiv alimin diqqətindən yayınmamış və yazıçının ruhu, fəlsəfəsi, dünyagörüşü, ədəbi mövqeyi qanunauyğun şəkildə araşdırılmışdır. Nəticədə, M. Qocayevin əsəri yalnız tədqiqatçı, oxucu üçün zəngin elmi material təqdim etmir, eyni zamanda Dostoyevskinin bədii-estetik aləminin, milli və ümumbəşəri dəyərlərə bağlılığının, insan ruhunun mürəkkəbliyinin dərin təsvirini verir. Bu kitab yalnız ədəbi təhlil əsəri  deyil, həm də oxucuları düşündürən, narahat edən dünyəvi problemlərin fəlsəfi və mənəvi aspektlərini əhatə edən bir əsərdir. Kitabın dərin ideya-fəlsəfi məzmunu, yüksək dini-fəlsəfi təfəkkürlə zənginləşdirilmiş bədii-estetik və mənəvi-etik müddəaları, poetik təfsiri və konseptual dəyəri onu müasir Azərbaycanşünaslıq elminə və milli filologiyamıza önəmli bir töhfə kimi təqdim edir. M.Qocayevin əsəri həm akademik oxucu üçün zəngin elmi material təqdim edir, həm də oxucuda insanın mənəvi aləminə, milli və ümumbəşəri dəyərlərə dair dərin düşüncələr formalaşdırır.

Məmməd Qocayev Dostoyevski və Qoqol yaradıcılığını, eləcə də bu sənətkarların ədəbi mövqelərini təhlil edərkən V.Q.Belinski və N.Q.Çernışevski kimi görkəmli tənqidçilərin həmin dövrdə formalaşmış nəzəri baxışlarına tənqidi münasibət nümayiş etdirmiş, onların mülahizələrini elmi əsaslarla yenidən nəzərdən keçirmişdir. Alimin apardığı dərin və çoxşaxəli təhlillər XIX əsr rus ədəbiyyatında baş verən ədəbi-tarixi prosesin mahiyyətini daha dolğun və obyektiv şəkildə açmağa imkan vermişdir. Bu araşdırmalar nəticəsində M.Qocayev mühüm elmi qənaətlərə gəlmişdir ki, həmin qənaətlərdən biri də Qoqol yaradıcılığının ideya istiqamətinin ənənəvi tənqidçi yozumlarından fərqli şəkildə dəyərləndirilməsidir. Alimin gəldiyi nəticəyə görə, “Qoqol heç də Belinski və Çernışevskidə olduğu kimi Rusiyanı sosial baxımdan dəyişdirmək niyyəti güdən yazıçı olmamışdır. Onu narahat edən əsas məsələlər Rusiyanın sosial quruluşundakı qüsurlar deyil, milli ruhun və mənəvi həyatın böhranı idi. Məhz bu baxımdan Qoqol satirik xətti deyil, dini-mənəvi yolu əsas ideya istiqaməti kimi seçmiş, rus milli ruhunun mahiyyətini xristian mənəvi-etik dəyərlərində, İsa Məsihə etiqadda görmüşdür. Bu konseptual mövqenin davamı kimi Dostoyevski Qoqolun ideya-estetik varisi kimi çıxış etmiş, onun müəyyənləşdirdiyi mənəvi xətti yeni bədii-fəlsəfi müstəvidə inkişaf etdirmişdir”.

Professor M. Qocayev Dostoyevskinin rus ədəbiyyatının görkəmli nümayəndələrinə münasibətini müqayisəli şəkildə təhlil edərək bu münasibətin ideya-mənəvi əsaslarını sistemli elmi ümumiləşdirmələr səviyyəsində üzə çıxarır. Alimin qənaətinə əsasən, Dostoyevski rus ədəbiyyatında xəlqilik kimi bədii-estetik kateqoriyanın banisi sayılan Puşkini rus milli mahiyyətinin ən parlaq ifadəçisi kimi dəyərləndirmişdir. Yazıçı öz yaradıcılığında daim Puşkin idealına can atmış, onun açdığı ideya-estetik yolla irəliləmiş və Puşkin humanizmini yüksək mənəvi meyar kimi qəbul etmişdir. Bu kontekstdə Puşkin Dostoyevski üçün yalnız böyük sənətkar deyil, eyni zamanda rus milli ruhunun və ümumbəşəri humanist dəyərlərin sintezini təcəssüm etdirən bir örnəkdir. Dostoyevskinin Puşkinə olan dərin ehtiramı və məhəbbəti onun milli-ruhi idealının təməlində dayanır, Turgenev, Gertsen və Belinskiyə münasibətində isə ziddiyyətli və tənqidi mövqelər ön plana çıxır.

M. Qocayev 2005-ci ildə görkəmli rus ədəbiyyatşünası Mixail Mixayloviç Baxtinin yaradıcılıq irsində mühüm yer tutan “Dostoyevski poetikasının problemləri” əsərini giriş məqalə və elmi qeydlərlə birlikdə Azərbaycan dilinə ilk dəfə tərcümə etmişdir. O, həmçinin 2021-ci ildə Baxtinin irihəcmli “Fransua Rablenin yaradıcılığı, Orta əsrlər və Renessans dövrü xalq mədəniyyəti” kitabını da ilk dəfə Azərbaycan dilinə çevirmişdir.

Professor M.Qocayev Dostoyevski və L.Tolstoyun ədəbi fəaliyyətlərini ümumiləşdirərək, məhz bu iki nəhəng sənətkarın yaradıcılığı sayəsində XIX əsr rus ədəbiyyatının dünya ədəbiyyatında aparıcı mövqeyə yüksəldiyini elmi əsaslarla ortaya qoyur. Onun qənaətinə görə, Dostoyevski və L.Tolstoy rus ədəbiyyatının ideya-estetik inkişafında bir-birini tamamlayan iki əsas qütb kimi çıxış edir və bu səbəbdən o, onları obrazlı şəkildə “rus ədəbiyyatının gecəsi və gündüzü” adlandırır. Alimin təqdimatında “Dostoyevski bədii dünyası gecə qədər ecazkar, sirli-soraqlı, sona qədər anlaşılmazdır. Tolstoy dünyası gündüz qədər aydın, geniş, ürəkaçan, düşündürən və eyni zamanda mənalıdır”. Bu müqayisə yalnız bədii-estetik fərqi deyil, eyni zamanda iki müxtəlif yaradıcılıq təfəkkürünün fəlsəfi mahiyyətini də açır. Alimin bu ümumiləşdirmələrində təsvir və təhlil, ədəbi müşahidə ilə fəlsəfi düşüncə üzvi şəkildə qovuşur və oxucunu həm intellektual, həm də emosional baxımdan təsir altına alır. “Gündüzün öz gözəlliyi, gecənin də öz sehri vardır” fikri ilə başlanan mülahizələrdə şüur və təhtəlşüur anlayışları bədii yaradıcılığın iki bərabərhüquqlu, lakin ayrılmaz tərəfi kimi təqdim olunur. O, bu qarşılaşdırma vasitəsilə göstərir ki, sənətkarlardan biri gündüz işığında hər şeyi aydınlaşdıraraq oxucunu öz dünyasının cazibəsi ilə valeh edir, digəri isə gecənin qaranlığında səslənən ecazkar bir hikmət dili ilə oxucunu vəcdə gətirir, lakin həmin hikmətlərin sonadək dərk edilməsi mümkün olmur. Bu baxımdan, gecə ilə gündüzün, eləcə də şüurla təhtəlşüurun bir-birindən ayrılmazlığı bədii yaradıcılığın fəlsəfi mahiyyətini təşkil edir və Dostoyevski ilə L.Tolstoy yaradıcılığının qarşılıqlı tamamlanmasını aydın şəkildə nümayiş etdirir.

“Dostoyevskinin yaradıcılıq yolu möhtəşəm və nəhəng bir çayı andırır ki, o da öz sularını dünya ədəbiyyatı okeanına qovuşdurur” - deyə professor M. Qocayev vurğulayır. Bu bənzətmə alimin nəzərində Dostoyevskinin yalnız rus ədəbiyyatı çərçivəsində deyil, həm də dünya ədəbiyyatındakı mövqeyini, bir mütəfəkkir-yazıçı kimi ümumbəşəri problemlərə münasibətini və onun kimi sənətkarların vasitəsilə rus ictimai həyatı və mədəniyyətinin beynəlxalq səviyyəyə yüksəlməsini ifadə edir.

M. Qocayev yaradıcılığı daha geniş humanitar kontekstdə qiymətləndirərək qeyd edir ki, “yaradıcılıq, o cümlədən ədəbi yaradıcılıq onda dərin məna və geniş vüsət kəsb edir ki, o, milli ruhun mahiyyətinə çatır, onun müəyyən tərəflərini, çalarlarını özündə əks etdirir”. Bu yanaşma Dostoyevskini yalnız fərdi sənətkar kimi deyil, milli ruha bağlı, onun ideya-estetik mahiyyətini mənimsəyən və bunu öz yaradıcılığında əks etdirə bilən klassik yazıçı kimi qiymətləndirməyə imkan verir.

Beləliklə, Dostoyevski yalnız öz bədii-estetik dili və fəlsəfi dərinliyi ilə seçilmir, həm də milli ruhun, insanın mənəvi-ruhi aləminin və ümumbəşəri dəyərlərin təcəssümü rolunu oynayan yazıçı kimi tarixdə unudulmaz iz qoymuşdur. M. Qocayevin elmi yanaşması bu yaradıcılığı konseptual çərçivədə təhlil etməklə oxucuya Dostoyevskinin ədəbi və fəlsəfi mövqeyini həm milli, həm də ümumdünya miqyasında aydın şəkildə təqdim edir. Alimin təhlilinə görə, “Dostoyevskinin yaradıcılıq fəaliyyəti əsasən haqdan, həmçinin həyatdan və milli ruhdan gələn sədaları doğru-düzgün tutmaq və onları ədəbi mətndə əks etdirmək bacarığından ibarət olmuşdur. Bu baxımdan, onun əsərlərini tam dərk etmək üçün yalnız adi, dünyəvi, sosial və ya məntiqi təfəkkür kifayət etmir; oxucuya dərin psixoloji, fəlsəfi və mənəvi qatları açmaq bacarığı tələb olunur”.

Bir sözlə, M. Qocayev Dostoyevskinin yaradıcılığını həm milli ruha, həm də universal humanist dəyərlərə bağlı bir fenomen kimi təqdim edir. Onun romanları yalnız ədəbiyyatın bədii-estetik aləmində deyil, həm də insanın mənəvi və psixoloji inkişafında unikal rol    oynayan fundamental və davamlı dəyər kimi qiymətləndirilir.

M.Qocayev yaradıcılığının konseptual-ideya əsasını humanist dünyagörüşü təşkil edir. Bu dünyagörüş çərçivəsində insan amili ali dəyər kimi təqdim olunur, sevgi, mərhəmət, mənəvi məsuliyyət, şəxsiyyətə hörmət, etik həssaslıq və xeyirxahlıq kimi kateqoriyalar isə sistemli şəkildə bədii-fəlsəfi təhlilin mərkəzinə çevrilir. Müəllif üçün insan yalnız sosial və bioloji varlıq deyil, eyni zamanda mənəvi-mədəni bütövlüyü, daxili azadlığı və etik özünüdərk xüsusiyyətləri ilə səciyyələnən ontoloji substansiyadır.

Diqqətəlayiq cəhət ondan ibarətdir ki, Məmməd Qocayevin bədii-fəlsəfi mövqeyi onun şəxsi mənəvi siması ilə üzvi şəkildə uzlaşır. Alimin söz və əməl birliyi, nəzəri mövqeyi ilə həyat təcrübəsinin qarşılıqlı tamamlanması onun yaradıcılıq kredosunun əsas göstəricilərindən biri kimi çıxış edir. Onun irəli sürdüyü ideyaya görə, insanın özünü adekvat şəkildə gerçəkləşdirməsi və kamil şəxsiyyət səviyyəsinə yüksəlməsi yalnız məhəbbət və xeyirxahlıq kimi fundamental etik prinsiplərin reallaşması şəraitində mümkündür. Bu yanaşma insanın özünüdərkinin və mənəvi inkişafının zorakılıq və yadlaşma üzərində deyil, sevgi və mənəvi məsuliyyət üzərində qurulmasını zəruri hesab edir.

Müəllifin konsepsiyasında insanlıq mahiyyəti ontoloji baxımdan əzəli və sarsılmaz xarakter daşıyır. Sosial-iqtisadi məhrumiyyətlər, yoxsulluq və ya mənəvi deqradasiya təhlükəsi belə bu mahiyyəti tam şəkildə sıradan çıxarmağa qadir deyil. Əksinə, ən ağır həyat şəraitində belə insan ruhunun dərin qatlarında mənəvi dəyərlər – vicdan, mərhəmət, ləyaqət və xeyirxahlıq potensialı qorunub saxlanılır.

Beləliklə, Məmməd Qocayev yaradıcılığı həm ideya-fəlsəfi dərinliyi, həm də yüksək humanist pafosu ilə seçilərək, insanın mənəvi bütövlüyünün və etik davamlılığının təntənəsini ifadə edən konseptual bir model kimi çıxış edir.

Məmməd Qocayev şəxsiyyətinin formalaşmasında və ictimai-mənəvi mövqeyinin müəyyənləşməsində həlledici amillərdən biri də onun xalqa və vətənə təmənnasız xidmət prinsipinə sədaqətidir. Bu xidmət yalnız elmi fəaliyyətlə məhdudlaşmır, bütövlükdə onun həyat amalını, mənəvi məsuliyyətini və vətəndaşlıq mövqeyini aydın şəkildə əks  etdirir.

Belə yüksək əqidəyə malik şəxsiyyətlərin həyatı həm müasir, həm də gələcək nəsillər üçün dəyərli nümunə olmaqla yanaşı, cəmiyyət üçün mənəvi baxımdan ali bir dəyər kimi qiymətləndirilir.

Məmməd Qocayevin yaradıcılığı insanın mənəvi cəhətdən formalaşması, daxilən saflaşması, kamillik mərhələsinə yüksəlməsi və özünütəsdiq prosesinin elmi-fəlsəfi modelini təqdim edir. Onun əsərlərində insanın mənəvi yetkinliyi təsadüfi və asan əldə olunan hal kimi deyil, ardıcıl daxili mübarizə və əzablı təcrübələr nəticəsində reallaşan mürəkkəb bir proses kimi şərh olunur. Professorun mövqeyinə görə, “müasir insanın ruhən saflaşması və təzələnməsi üçün o, əzablı yollardan keçməli və cəfalar çəkməlidir. Ruhun təzələnməsi cəfasız mümkün deyildir”.

Məmməd Qocayev yaradıcılığı məzmun zənginliyi, aktuallığı, fəlsəfi dərinliyi və aksioloji dəyəri etibarilə müasir Azərbaycan ədəbiyyatşünaslığının inkişafına sanballı töhfədir. Onun elmi-bədii irsi yalnız fərdi yaradıcılıq məhsulu kimi deyil, eyni zamanda metodoloji və ideya qaynağı kimi də mühüm əhəmiyyət daşıyır. Bu irs elə bir intellektual mənbədir ki, ondan müxtəlif nəsillərə mənsub ədəbiyyatşünaslar, tədqiqatçılar və humanist düşüncə sahibləri bəhrələnə və eyni zamanda yeni elmi-nəzəri istiqamətlər ala bilərlər. Bu  mənada Məmməd Qocayev yaradıcılığı yubiley kontekstində milli elmi fikrin mənəvi-intellektual sərvəti kimi çox dəyərlidir.

Ustadım, yubileyiniz mübarək!

Nəsib Cəbrayılov,
filologiya üzrə fəlsəfə doktoru, dosent