29 aprel 2026 12:00
140

Bakı beynəlxalq diqqət mərkəzində: Forum ərəfəsində turizm imkanları təqdim olunur

Azərbaycan yaxın günlərdə daha bir nüfuzlu beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən bu forum dünyada şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf sahəsində ən mühüm platformalardan biri hesab olunur.

Forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin Bakıya səfəri gözlənilir. Bu isə təkcə urbanistika sahəsində təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda, Azərbaycanın turizm potensialının beynəlxalq miqyasda təqdim olunması üçün də geniş imkanlar yaradır.

Şübhəsiz, belə beynəlxalq tədbirlər ölkənin turizm sektorunun inkişafında mühüm rol oynayır. Xarici qonaqların ölkənin tarixi, mədəni irsi, müasir infrastrukturu və regionların turizm imkanları ilə yaxından tanış olmaları, Azərbaycanın turizm xəritəsində mövqeyini daha da gücləndirir. Eyni zamanda, bu cür tədbirlər ölkənin beynəlxalq imicinin formalaşmasına və işgüzar turizmin genişlənməsinə təkan verir.

Mütəxəssislərin fikrincə, forum iştirakçılarının əldə etdikləri müsbət təəssüratlar gələcəkdə onların yenidən turist kimi ölkəmizə yenidən səfər etmələri ehtimalını artırır. Bu isə uzunmüddətli perspektivdə ölkəyə turizm axınının artmasına, regionların sosial-iqtisadi inkişafına və xidmət sektorunun genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, Bakı son illər beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib və bu tendensiya ölkənin turizm strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

“İki sahil” qəzetinin Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə ünvanladığı sorğuya qurumdan verilən cavabları təqdim edirik:

- Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycana gələcək xarici qonaqlar üçün hansı xüsusi turizm paketləri və marşrutlar hazırlanıb?

- Forum iştirakçıları üçün Azərbaycan və ingilis dillərində 24 ədəd geniş və əhatəli tematik tur proqramları hazırlanıb. Bu proqramlar Bakı, Şamaxı, Lənkəran, Şəki və Qarabağ ilə yanaşı, ölkənin digər regionlarını və turistik baxımdan cəlbedici olan bir çox əraziləri əhatə edir.

- Xarici qonaqların Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaları üçün hansı təqdimat və tanıtım tədbirləri keçiriləcək?

- Forum çərçivəsində Azərbaycan pavilyonu ərazisində ölkəmizin turizm imkanları təqdim ediləcək, müxtəlif turizm məhsulları barəsində təqdimatlar təşkil olunacaq, eyni zamanda, milli mətbəximizin və mədəni irsimizin tanıdılması istiqamətində tədbirlər təşkil ediləcəkdir. 

- Forumun ölkənin turizm imicinə və beynəlxalq tanıtımına təsiri necə qiymətləndirilir və bu istiqamətdə hansı gözləntilər var?

- Azərbaycan beynəlxalq işgüzar, mədəniyyət və idman tədbirlərinin təşkili sahəsində geniş təcrübəyə malikdir və WUF13 mövcud təcrübənin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli rol oynayır. Bakı öz müasir infrastrukturunu, qonaqpərvərliyini və zəngin mədəni irsini geniş beynəlxalq ictimaiyyətə təqdim edərək, şəhəri nüfuzlu işgüzar tədbirlərin aparıcı istiqamətlərdən biri kimi mövqeləndirə bilər. Eyni zamanda, forum çərçivəsində ölkəyə səfər edən iştirakçılar əldə etdikləri müsbət təəssüratlar nəticəsində gələcəkdə turist kimi yenidən Azərbaycana səfər etmək potensialına malik olurlar. Bu, ölkədə turizmin uzunmüddətli inkişafına töhfə verir.

Orxan Vahidoğlu, “İki sahil”