28 aprel 2026 19:17
118

“YENİ Klubun”un növbəti layihəsi: Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları - FOTO

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” adlı layihənin ilk görüşü keçirilib.

“İki sahil” xəbər verir ki,  BDU-dan bildirilib ki, layihənin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik ənənələrinin və milli ideologiyanın formalaşmasındakı rolunun gənclər tərəfindən daha dərindən öyrənilməsidir.

Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında “YENİ Klub”un fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verərək, bu təşəbbüslərin gənclərin inkişafına verdiyi töhfələri vurğulayıb.

Layihənin ilk qonağı Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə olub. O, “Heydər Əliyevin media siyasəti və milli ideologiyanın formalaşmasında rolu” mövzusunda çıxış edərək Ulu Öndərin ölkədə azad medianın inkişafı istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Qonaq bildirib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə həqiqətlərin təbliğatçısı, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Mətbuat tariximizin Ulu Öndərin dövründə yaradılan möhkəm təməli bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapır. 1993-cü ildən etibarən Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində medianın inkişafında əldə olunmuş nailiyyətlər artıb. Jurnalistlərin dostu olan Ulu Öndər media üzərində dövlət senzurasını ləğv edib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Məhz Ulu Öndər tərəfindən göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vüqar Rəhimzadə çıxışında medianın dövlət quruculuğunda, milli maraqların qorunmasında rolunu da diqqətə çatdırıb.

Görüş interaktiv formatda davam edib, tələbələr media, siyasət və jurnalistika sahəsində aktual mövzularla bağlı suallar ünvanlayıblar. (AZƏRTAC)