30 aprel 2026 21:58
208

Dövlət hər zaman vətəndaşlarının yanındadır

Milli Məclisin deputatı Jalə Əliyeva: Prezidentin bu Sərəncamı Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində insan amilinin, onun rifahının və təhlükəsizliyinin dayandığını göstərir.

Cari ilin mart–aprel aylarında güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilmiş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüşdür. Dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev aprelin 28-də “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Şübhəsiz, Prezidentin bu Sərəncamı Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində insan amilinin, vətəndaşın rifahının və təhlükəsizliyinin dayandığını göstərir. Bir sözlə, dövlət bir daha sübut etdi ki, heç bir vətəndaş təbii fəlakət qarşısında tək qalmır.

Milli Məclisin deputatı Jalə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ölkəmizdə sel və daşqınların yaratdığı təhlükələr son illərdə iqlim dəyişiklikləri, intensiv yağıntılar və ekoloji tarazlığın pozulması fonunda daha da aktuallaşıb: “Bu baxımdan Prezident İlham Əliyevin “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı dövlətin bu sahəyə sistemli və qabaqlayıcı yanaşmasının bariz nümunəsidir.

Sərəncamın əsas məqsədi ölkə ərazisində sel və daşqın risklərinin minimuma endirilməsi, əhalinin təhlükəsizliyinin təmin olunması və infrastrukturun qorunmasıdır. Bu sənəd yalnız fövqəladə hallara reaksiya verməklə kifayətlənmir, eyni zamanda, risklərin qabaqcadan qiymətləndirilməsi və qarşısının alınması istiqamətində kompleks tədbirləri nəzərdə tutur”.

Milli Məclisin deputatı daha sonra vurğuladı ki, Sərəncamda aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar verilib: “Xüsusilə çay məcralarının təmizlənməsi, bənd və sahilbərkitmə işlərinin gücləndirilməsi, sel sularının yönləndirilməsi üçün müasir mühəndis qurğularının tikintisi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Şübhəsiz, bu tədbirlər kənd təsərrüfatı sahələrinin, yaşayış məntəqələrinin və strateji obyektlərin qorunmasında mühüm rol oynayacaq. Bununla yanaşı, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi də Sərəncamın mühüm komponentlərindən biridir. Müasir texnologiyaların tətbiqi ilə meteoroloji müşahidələrin dəqiqliyinin artırılması və operativ məlumat mübadiləsinin təmin olunması mümkün təhlükələrin vaxtında aşkarlanmasına imkan verəcək. Bu isə insan itkilərinin və maddi zərərlərin qarşısının alınmasında həlledici əhəmiyyət daşıyır”.

Millət vəkilinin fikrincə, Sərəncam, həmçinin yerli icra hakimiyyətlərinin məsuliyyətini artırır: “Regionlarda riskli ərazilərin xəritələşdirilməsi, əhalinin maarifləndirilməsi və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Əhalinin davranış qaydaları barədə məlumatlandırılması, təlimlərin keçirilməsi və operativ reaksiya mexanizmlərinin qurulması dövlət siyasətinin sosialyönümlü xarakterini bir daha nümayiş etdirir”.

J. Əliyeva fikrini bu sözlərlə tamamladı: “Ümumilikdə, bu Sərəncam Azərbaycanın təbii fəlakətlərə qarşı mübarizə sahəsində strateji yanaşmasını əks etdirir. Burada əsas xətt yalnız nəticələrlə mübarizə deyil, səbəblərin aradan qaldırılması və risklərin idarə olunmasıdır. Bu isə ölkənin təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, vətəndaşların rifahının qorunmasına xidmət edən mühüm dövlət sənədi kimi qiymətləndirilməlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”