01 may 2026 18:31
93

İkiüzlülük və riyakarlığın pik həddi - ŞƏRH

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə regionda sülhə və təhlükəsizliyə zərbə vurmaq, sabitliyə imkan verməmək və revanşistləri müharibəyə qızışdırmaqdan başqa bir şey deyil

Xəbər verildiyi kimi, Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı əsassız və qərəzli müddəalar yer alıb. Azərbaycan da haqlı olaraq Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırıb. Bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub. Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Həmçinin qərara əsasən, Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq. Artıq Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Xarixi İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. Bununla yanaşı, "müharibə əsirləri" kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. "Mədəni və dini irsin məhv edilməsi" ilə bağlı iddiaların da tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb.

Göründüyü kimi, təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə çalışırlar ki, təqsirləndirilən şəxslər cəzasız azad olunsunlar. Demək olar ki, dünya məhkəmə tarixində belə hal baş verməyib. Avropa parlamentariləri tərəfindən barələrində konkret ittihamlar olan şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıb. Bu şəxslərin “hərbi əsir” kimi qələmə verilməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Görəsən 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən ümumilikdə 1 milyondan artıq azərbaycanlının insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırır? Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqı idi. Məlumdur ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə də çıxış etmişdi. Aİ Şurasının sabiq Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabrında  Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirilmişdi. Bundan sonra Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü təşkil olundu. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun  Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərməyə başladı.

Prezident İlham Əliyev ötən il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir: “Amma, deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz, keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı”. Dövlət başçısı xüsusi olaraq qeyd etmişdi ki, 2024-cü il Avropa İttifaqının əldə etdiyi nəticə ondan ibarət oldu ki, o, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən tamamilə kənarlaşdırıldı. Əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh fondunun bundan sonra da davamı olacaqsa, bizim tərəfimizdən adekvat hərəkətlər ediləcək. Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

Bu gün adları korrupsiya və rüşvət qalmaqallarında hallanan Avropa Parlamentinin üzvlərindən bundan başqa nəsə gözləmək də olmaz. Bu təşkilatı əksəriyyət artıq “xristian klubu” da adlandırır. Bunu sübut edən fakt Avropa Parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı səlib yürüşünə start verməsidir. Bu yanaşma Azərbaycanın suverenliyini və milli maraqlarını müdafiə etməsi fonunda, Avropanın bəzi qüvvələrinin ədalətsiz və qərəzli davranışlarını ön plana çıxarır. Avropa Parlamenti birinci dəfə deyil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir. Avropa Parlamentində oturub Azərbaycana qarşı hədyanlar söyləyənlər, Azərbaycana qarşı dezinformasiya yayanlar, feyk informasiyaları paylaşanlar, sanki oturduqları ağacın budaqlarını doğrayırlar və onlar bu davranışları ilə Avropa İttifaqının strateji maraqlarına deyil, öz ciblərinin və mədələrinin maraqlarına xidmət edirlər ki, bu da qəbuledilməzdir.

Beləliklə, Avropa Parlamentinin qətnaməsi ikili standartların, Azərbaycana qərəzli münasibətin göstəricidir. Fransanın hegemonluq etdiyi Avropa Parlamentinin növbəti kağız parçasının taleyinin əvvəlkilər kimi olacağı şübhə doğurmur. Heç bir təzyiq və hədə Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan öz maraqlarını qoruyaraq xarici siyasətini həm müstəqil, həm də obyektiv şəkildə qurmağına davam edəcək.

Sevinc Azadi, “İki sahil”