01 may 2026 22:16
113

Quba şəhərində WUF13 Festivalı təşkil edilib

Aprelin 30-da ölkə ictimaiyyətini Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırmaq üçün Quba şəhərində WUF13 Festivalı keçirilib.

“İki sahil” xəbər verir ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 tədbiri ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbələri, Quba şəhərində yerləşən müxtəlif məktəb və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya qonaq gələn müəllim heyəti iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 tədbiri barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və tədbir çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Emin Hüseynzadə vurğulayıb ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. O, festivala toplaşan insanları WUF13-də qeydiyyatdan keçməyə və tədbirdə fəal iştiraka dəvət edib.

İki hissədən ibarət olan WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçirilən ictimai proqram ilə davam edib.

Proqram çərçivəsində geniş auditoriya kütləsinə interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular, eləcə də WUF13 tədbirinin əsas mövzu və ideyaları barədə ətraflı məlumat verilib.

Ümumilikdə, tədbirin ictimai proqramına 6000-ə yaxın iştirakçı qatılıb.