İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında ölkəsinin ABŞ və İsrail ilə münaqişəyə son qoymaq mövqeyini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı telefon danışığı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın ABŞ və İsrailin müharibə və təcavüzünə son qoymaq üçün son mövqeləri və təşəbbüsləri barədə fikir mübadiləsi aparıb", - deyə o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, nazirlər Yaxın Şərqdə hərbi və siyasi vəziyyətin sabitləşdirilməsi perspektivlərini, o cümlədən naviqasiya azadlığının təmin edilməsi və İranın nüvə proqramı ilə bağlı vəziyyətin həlli məsələlərini müzakirə ediblər.
"Onlar regionda davamlı razılaşmaların əldə edilməsi və uzunmüddətli sülhün bərqərar olması naminə siyasi və diplomatik prosesi tam şəkildə asanlaşdırmağa hazır olduqlarını təsdiqləyiblər. Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından keçməsinə xüsusi diqqət yetirilib", - deyə məlumatda qeyd olunub.