07 may 2026 22:16
98

Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı

2020-ci ilin iyunun 13-dən 14-nə keçən  gecə və səhər  saatlarında  Azərbaycan- Ermənistan  dövlət sərhədinin Tovuz rayonu sahəsində  şiddətli döyüşlər başlanıb. Döyüşlər zamanı  Ordumuzun əsgər və zabitlərinin gördüyü  cavab  tədbirləri nəticəsində böyük itkilər  verən erməni dığaları  geri çəkilməyə məcbur olublar.

Təəssüf ki, öz doğma Vətənini qoruyan Azərbaycan ordusu da itki verib. Masallı rayonunun   Ərkivan qəsəbə sakini, 1976-ci il təvəllüdlü   mayor Anar Gülverdi oğlu Novruzov da  tarix yazan qəhrəmanların  arasında durur. Vətən, torpaq sevgisi ilə   şəhidlik zirvəsinə ucalan Anar masallılar tərəfindən  heç vaxt unudulmur, adı  həmişə iftixarla, qürurla çəkilir.

Bu günlərdə isə Masallı Gənclər evi SXM-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı  sayəsində  şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş gənclər arasında güllə atıcılığı üzrə Masallı rayon turniri  baş tutub.

Turnirin əvvəlində  Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  Sonra yarışın  başlanması bildirilib.  Gənc oğlan və qızlar öz bacarıqlarını nümayiş etdirərək yüksək rəqabət şəraitində mübarizə aparıblar.

Turnirin yekununda qalib gəlib I, II və III yerləri tutan gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü