08 may 2026 00:15
120

 Jan Noel Baronun başından yekə qələtləri

Uzun müdətdən bəri erməni lobbisinin çaldığı havaya oynayan Fransa hökumətinin təmsilçiləri zaman-zaman Azərbaycanla bağlı həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirməklə bütün sərhədləri aşırlar. Daim erməni separatizmini dəstəkləyən Fransanın keçmiş müdafiə naziri Sebastyan Lekornyunun vaxtilə hərzə-mərzə açıqlamaları, hədyanları, Ermənistana dəstək bəyanatları bunun əyani təsdiqidir. Həmçinin Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar səsləndirməsi və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırışlar etməsi absurd olduğu qədər də gülünc idi.

 2022-2024-cü illərdə Fransanın Avropa və xarici işlər naziri vəzifəsində çalışan Ketrin Kolonanın yersiz erməni təəssübkeşliyi, eləcə də Paris şəhərinin meri Ann İdalqonun 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış etmələri siyasi hoqqabazlığın, Azərbaycanofobiyanın pik nöqtəsi idi. Yeri gəlmişkən, o zaman Fransanın nüfuzlu nəşrlərindən olan “La Gazette du Caucase”də dərc edilən məqalədə “ermənilərin qoruyucu mələyi”olan  Paris merinin Azərbaycana qarşı qərəzli mövqeyi ifşa edilir, onun Fransanı noyabrda Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə çıxış etməsi əsl riyakarlıq nümunəsi kimi qiymətləndirilirdi.

Fransız rəsmilərin Azərbaycana qarşı təxribat xarakterli bəyanatları, siyasi əxlaqdan uzaq qərəzli mövqeləri bu gün də davam edir. Bu ünsürlər vaxtaşırı ölkəmizin haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirir, yandaş media vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Bu ölkənin Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə qərəzli, faktlara əsaslanmayan, cəfəng iddialar səsləndirməsi bunun bariz nümunəsidir. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin dövlətimizin öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları dezinformasiyanın və həyasızlığın pik nöqtəsidir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun bu ölkənin Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara dair şərhində bildirilir ki, Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir. Qeyd olunur ki, Fransanın UNESCO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşması məsələsinə dair çağırışları həqiqətlərin açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də, təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib.

Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yüzlərlə tarixi, dini və mədəniyyət abidəsi, o cümlədən 60-dan çox məscid sistemli şəkildə dağıdılıb, təhqir edilmiş və mənimsənilib. İşğal olunmuş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb, 2-si isə qismən zərər görüb. Ağdam Cümə məscidi, Şuşanın Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, Füzulinin Qarğabazar kəndindəki Şah Abbas məscidi, Zəngilanın Malıbəyli məscidi dağıdılıb. İşğal dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməzliyə vuran Fransa naziri Jan Noel Baronun işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmadan, cəfəng və riyakar iddiadan, eləcə də erməni lobbisinin təsiri ilə regionda sülh gündəliyinə zərbə vurmaqdan başqa bir şey deyil.

Zahid Rza, “İki sahil”