09 may 2026 16:08
122

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Okaz” qəzetində "Heydər Əliyev - müasir dövlətin memarı, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında möhkəm tərəfdaşlığın əsasları" sərlövhəli məqalə dərc edilib.

“İki sahil” xəbər verir ki, məqalədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu geniş şəkildə təqdim olunub.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin ən mürəkkəb dövründə sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və milli birliyin gücləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub və hüquqi dövlət quruculuğunun əsası qoyulub.

Məqalədə, həmçinin 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi olduğu vurğulanır. Bu müqavilə ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq enerji bazarlarında mühüm mövqe qazanmasına şərait yaradıb.

Yazıda Heydər Əliyevin İslam dini və islami dəyərlərə münasibətinə də xüsusi yer ayrılıb. Ümummilli Lider İslamı Azərbaycanın milli-mənəvi kimliyinin ayrılmaz hissəsi hesab edir, bu dinin sülh, qardaşlıq və humanizm prinsiplərini ön plana çəkirdi. Eyni zamanda, İslam dünyasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini daim vurğulayırdı.

Məqalədə Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərin inkişafının Heydər Əliyevin xarici siyasətində mühüm istiqamətlərdən biri olduğu qeyd olunub. Xüsusilə onun 1994-cü ildə Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfərin Azərbaycan–Səudiyyə münasibətlərinin formalaşmasında mühüm rol oynadığı, səfər çərçivəsində Kral Fəhd bin Əbdüləziz Al Səud ilə görüş keçirildiyi və bir sıra mühüm sazişlərin imzalandığı bildirilir.

Məqalənin sonunda vurğulanıb ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir və ölkənin İslam dünyasında etibarlı və fəal tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.