10 may 2026 14:41
160

Avropalı “müşahidəçilərin” ƏSL MİSSİYASI NƏDİR? - RƏY

Nadir Azəri: Regiondan min kilometrlərlə uzaqda yerləşən bəzi siyasi mərkəzlər “qaşınmayan yerdən qan çıxarmaq” siyasətindən əl çəkməlidirlər 

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünü təmin etmədi, eyni zamanda regionun gələcək taleyi üçün də yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan bu qələbədən sülhə, sabitliyə və regional inkişafa çağırış edərək dünyaya konstruktiv mövqeyini nümayiş etdirdi və hazırda da etdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazın gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan, iqtisadi inteqrasiyadan və uzunmüddətli sülhdən keçir”.

Bunu “İki sahil”ə açıqlamasında  “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, müsbət məqamlardan biri də ondan ibarətdir ki, Ermənistanın hazırkı rəhbərliyi əvvəlki işğalçı hakimiyyətlərdən fərqli olaraq müəyyən məsələlərdə daha realist yanaşma sərgiləməyə başlayıb: “Xüsusilə də son dövrlərdə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də onun komandasında təmsil olunan şəxslər Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini açıq şəkildə dilə gətirirlər. Ötən il ABŞ-də Donald Trampın təşəbbüsü ilə keçirilən görüşlər, eləcə də Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması regionda əbədi sülhün mümkünlüyünə dair ümidləri daha da artırıb”.

N.Azərid deyib ki, bütün bunlar region üçün olduqca müsbət tendensiyalardır: “Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, uzun illər ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı faktiki olaraq susqun mövqe sərgiləyən bəzi Qərb dairələri və Avropa strukturları bu gün də Cənubi Qafqazda tam sabitliyin formalaşmasını sanki istəmirlər. Xüsusilə də hazırkı həssas mərhələdə Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyəti haqlı suallar doğurur. Əgər tərəflər sülh müqaviləsinin imzalanmasına bu qədər yaxınlaşıblarsa, o halda xarici müşahidəçilərin bölgədə saxlanılmasına hansı zərurət var? Görünən odur ki, müəyyən dairələr regionda gərginliyin tam aradan qalxmasını deyil, nəzarət olunan şəkildə davam etməsini istəyirlər ki, bu vəziyyətdən istifadə edib öz siyasi maraqlarını və təsir imkanlarını qorusunlar. Xüsusilə bəzi Avropa siyasətçilərinin, ilk növbədə isə Fransanın yanaşmaları bu mənzərəni daha açıq göstərir. Elə təsəvvür yaratmağa çalışırlar ki, guya regionda sabitlik onların iştirakı və müdaxiləsi olmadan mümkün deyil. Halbuki reallıq tam başqadır”. 

Siyasi şərhçi vurğulayıb ki, bu gün Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır və regionun gələcək istiqamətini müəyyən edən də məhz Bakının nümayiş etdirdiyi siyasi iradədir: “Azərbaycan isə açıq şəkildə göstərir ki, onun prioriteti yeni qarşıdurma yox, davamlı sülh, iqtisadi inkişaf və regional əməkdaşlıqdır. Rəsmi Bakı Cənubi Qafqazın yenidən geosiyasi toqquşma meydanına çevrilməsini deyil, kommunikasiyaların açıldığı, əməkdaşlığın gücləndiyi və xalqların təhlükəsiz şəraitdə yaşadığı bir məkan olmasını istəyir. Bu baxımdan, regiondan min kilometrlərlə uzaqda yerləşən bəzi siyasi mərkəzlər “qaşınmayan yerdən qan çıxarmaq” siyasətindən əl çəkməlidirlər. Əks halda, onlar həm region xalqlarının iradəsinə qarşı çıxmış olacaq, həm də onsuz da ciddi şəkildə zədələnmiş beynəlxalq imiclərini daha da itirəcəklər. Cənubi Qafqazın gələcəyinə kənardan manipulyasiya ilə deyil, region dövlətlərinin qarşılıqlı anlaşması və siyasi iradəsi ilə qərar veriləcək”.