Mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Caspianinfo"ya bildirilib ki, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Slovakiya Milli Şurasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Slovakiya Milli Şurasının sədri Rixard Raşi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri özünün Slovakiyaya rəsmi səfərini xatırladaraq, həmin səfər zamanı keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O, Slovakiya Milli Şurası sədrinin bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu deyib. Bu səfərin parlamentlərarası münasibətlərimizin davamlı şəkildə inkişaf etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb.
İki ölkənin parlamentlərarası münasibətlərindən söz açan Sahibə Qafarova qeyd edib ki, bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var. Parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti ölkələr arasında əlaqələrin inkişafına, həmçinin davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərir.
Milli Məclisin sədri qonağa Azərbaycan parlamentinin tarixi, indiki strukturu və fəaliyyəti barədə məlumat verib.
Slovakiya Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, dövlətimizin başçısının 2025-ci ilin dekabrında Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Söhbət zamanı Rixard Raşi parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu baxımdan mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb, Slovakiya parlamentinin strukturu barədə məlumat verib.
Slovakiya Milli Şurasının sədri gələn həftə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vacibliyinə də toxunaraq, bu tədbirin əhəmiyyətini qeyd edib.
Qonaq iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət, müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Avropa Parlamentinin parlament diplomatiyasına və konstruktiv dialoqa uyğun gəlməyən fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya Respublikası Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Milli Şurasının sədri Rixard Raşi imzalayıblar.