15 may 2026 20:05
86

Yeni təhlükə gəlir: "Rəqəmsal piylənmə"

Mütəxəssislər texnoloji cihazlar və sosial media vasitəsilə həddindən artıq məlumat və məzmun istehlakının "rəqəmsal piylənmə"yə səbəb olduğunu bildirirlər. Onların sözlərinə görə, psixi və fiziki sağlamlığın qorunması üçün müəyyən müddətlərdə rəqəmsal cihazlardan uzaq qalmaq və "rəqəmsal detoks" tətbiq etmək vacibdir.

Türkiyənin Bartın Universitetinin Sosial elmlər kafedrasının müdiri Fatma Betül Demir Evcimen texnologiya asılılığının həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərdiyini bildirib. Alim "rəqəmsal piylənmə", "rəqəmsal detoks" və "rəqəmsal savadlılıq" mövzularında aparılan beynəlxalq araşdırmalarda iştirak edib. Onun sözlərinə görə, rəqəmsal platformalardan həddindən artıq məlumat, bildiriş və məzmun qəbul etmək insanlarda “rəqəmsal piylənmə” yaradır. Evcimen bunu müasir dövrün ən ciddi problemlərindən biri adlandırıb.

Mütəxəssis qeyd edib ki, telefonsuz qalanda narahatlıq hiss etmək, internet kəsildikdə gərginləşmək, serialları fasiləsiz izləmək, sosial mediada daim aktiv olmaq və paylaşımlara gələn bəyənmə və şərhləri davamlı yoxlamaq rəqəmsal piylənmənin əsas əlamətləri hesab olunur. Onun fikrincə, xüsusilə gənclər sosial media və oyun platformalarının təsiri altında daha çox qalırlar. Rəqəmsal mühitdə böyüyən uşaqların da risk qrupuna daxil olduğu vurğulanır.

Evcimen bildirib ki, rəqəmsal savadlılığın artırılması bu problemin qarşısını almaqda mühüm rol oynayır. Valideynlərə uşaqlar üçün onlayn mühitdə sərhədlər müəyyənləşdirmək və rəqəmsal mühitə uyğun valideyn yanaşmasını tətbiq etmək tövsiyə olunur. Mütəxəssis əlavə edib ki, lazımsız tətbiqlərin və bildirişlərin silinməsi, ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılması və müntəzəm rəqəmsal fasilələrin verilməsi psixi sağlamlığın qorunmasına kömək edə bilər.

Araşdırmada ürək ritminin dəyişkənliyinin (HRV) insan sağlamlığı ilə bağlı mühüm göstəricilər verdiyi də qeyd olunub. Alimlər bildirirlər ki, ürək döyüntüləri arasındakı kiçik zaman fərqləri stress səviyyəsi, psixi vəziyyət, fiziki forma və hətta yaşlanma prosesi haqqında məlumat verə bilər. Eyni zamanda, yeni tədqiqatlar gün ərzində yürüşlər edərək gündəlik addım sayının artırılmasının çəkiyə nəzarətdə mühüm rol oynadığını göstərib. Avropa Piylənmənin Tədqiqi Assosiyasiyasının  araşdırmasına əsasən, gündə orta hesabla 8 min 500 addım atan şəxslər həm arıqlamağa, həm də verdikləri çəkini qorumağa daha çox nail olurlar.

Şahnigar Əhmədova, "İki sahil"