16 may 2026 18:35
114

Yusuf Tekinay: QHT-lər dövlətlərarası münasibətləri xalqlar arasında dostluğa çevirən əsas platformalardır

Qeyri-hökumət təşkilatları dövlətlərarası münasibətlərin xalqlar arasında dostluq və qarşılıqlı etimada çevrilməsində mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Şimali Kipr Gənc İş Adamları Assosiasiyasının (KKGIAD) prezidenti Yusuf Tekinay Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, vətəndaş cəmiyyəti institutları gənclərin bir araya gəlməsinə, qadın liderliyinin təşviqinə, mədəni əlaqələrin qorunmasına və sosial problemlərin həllinə mühüm töhfə verir.

“QHT-lər cəmiyyətlər arasında etimad qurur, xalqları yaxınlaşdırır və ortaq dəyərlərin yaşadılmasına xidmət edir”, – deyə Yusuf Tekinay vurğulayıb.

Yusuf Tekinay əlavə edib ki, bu platforma yalnız kommunikasiya vasitəsi olmamalı, həm də müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları yaratmalıdır.

Şimali Kiprli QHT rəhbəri ortaq layihə bazasının yaradılmasını təklif edib.

“Hər ölkənin uğurlu təcrübələri var. Bir ölkədə həyata keçirilən uğurlu gənclər layihəsi digər ölkələr üçün də nümunə ola bilər. Bir QHT-nin hazırladığı təhsil modeli başqa ölkədə fəaliyyət göstərən təşkilat tərəfindən tətbiq edilə bilər. Bu məqsədlə Türk dünyasının gənc QHT-lərinin layihələrini paylaşacağı, uğurlu təcrübələri təqdim edəcəyi və ortaq tərəfdaşlar tapacağı sistem qurulmalıdır”, – deyə Yusuf Tekinay vurğulayıb.