21 may 2026 10:18
120

Kosmosa göndərilən peyklər atmosferə təsir göstərir?

Alimlər kosmosa buraxılan peyklərin sayının artmasının Yerin atmosferi üçün yeni risklər yaratdığı barədə xəbərdarlıq ediblər. Onların fikrincə, xüsusilə buraxılış zamanı yaranan çirklənmə uzunmüddətli ekoloji nəticələrə səbəb ola bilər.

Son illərdə “SpaceX” kimi qlobal şirkətlər internet bağlantısını genişləndirmək məqsədilə “meqa peyk şəbəkələri”nin qurulmasına başlayıblar. Bu isə kosmosda peyklərin sayının sürətlə artmasına gətirib çıxarıb. Mütəxəssislər hesab edirlər ki, belə artım toqquşma riskini yüksəldir və gələcəkdə kosmosa çıxışı daha çətin vəziyyətə sala bilər.

Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri kosmosa buraxılan peyklərin atmosferə təsiridir. Peykləri daşıyan raketlər havaya qalxdıqda atmosferin yuxarı qatlarına qara karbon, yəni his hissəcikləri buraxır. Tədqiqatların nəticələrinə görə, bu hissəciklər Yerin səthində yaranan çirklənmə ilə müqayisədə atmosferdə daha uzun müddət qalır və ətraf mühitə təxminən 540 dəfə daha güclü təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu çirklənmə müəyyən mənada Yerin səthinə çatan günəş şüalarının bir hissəsini zəiflədərək istiləşməni azalda bilər. Lakin bunun nəticələrinin proqnozlaşdırılması çətindir və gözlənilməz ekoloji problemlər yarada bilər.

Layihəyə rəhbərlik edən Eloise Marais London Universitet Kollecinin  (UCL) alimlərinin apardıqları araşdırmadan  sonra kosmos sənayesindən qaynaqlanan çirklənmənin “kiçik miqyaslı və nəzarətsiz geomühəndislik təcrübəsinə” bənzədiyini bildirib. Onun sözlərinə görə, hazırda təsir nisbətən zəif olsa da, problem böyüməmişdən əvvəl tədbir görmək mümkündür.

Tədqiqatın müəllifləri hesab edirlər ki, 2030-cu ilə qədər peyk buraxılışlarının yaratdığı çirklənmə kosmos sənayesinin iqlimə təsirinin təxminən 42 faizini təşkil edə bilər. 

Tədqiqatın nəticələri “Earth Futures” jurnalında dərc olunan “10 illik meqa peyk missiyalarının radiasiya təsiri və Ozon qatının tükənməsi” adlı elmi məqalədə təqdim olunub.

Şahnigar Əhmədova, “İki sahil”