25 may 2026 15:34
180

Vüqar Rəhimzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi etdi

Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasından 108 il ötür. Məhz 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan edildi. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın təlatümlü hadisələri nəticəsində böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı  təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci il oktyabr ayının 18-də  bərpa etdi. Lakin xalqımız  müstəqilliyin sevincini yalnız  1993-cü ildə  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar daim tariximizin qara səhifəsi kimi vərəqlənir. Həmin illərdə ölkədə hökm sürən hakimiyyətsizlik Azərbaycanı böyük bəlalarla, faciələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Həmin təlatümlü illərdə bir tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzü digər tərəfdən, daxildə hakimiyyət uğrunda amansız mübarizə ölkəni çətin bir duruma salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan  Ulu Öndər Heydər Əliyev  dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

 Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə  uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsinin işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən bəhs edərkən Onun  fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlərin miqyasının nə qədər geniş olduğunu da xüsusi qeyd etməliyik. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Bununla da Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolun bünövrəsi qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha təsdiqlədi.

 Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını üzərinə götürdü, Azərbaycanı bütün sahələrdə inkişaf, tərəqqi yoluna çıxardı. Onun “Azərbaycan dünyaya Günəş kimi doğacaq” çağırışının  davamı olaraq bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan qalib, suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan ölkə olaraq  dünyanın diqqətindədir. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə yaradılan möhkəm təməl  ölkəmizin ardıcıl şəkildə hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas faktor oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi, Azərbaycan beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazandı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası hazırda möhkəm təmələ söykənərək daha da genişlənir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Hazırda ölkəmiz yaşıl enerjiyə keçid prosesi ilə  dünyanın diqqətindədir. Bugünümüzün uğurları Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının təsdiqidir.  İqtisadi imkanlarımız digər sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm işlərin görülməsinə yol açdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Heydər Əliyev siyasətinin son 22 ildən artıq dövrdə uğurlu davamı Azərbaycanı zəfərlərə qovuşdurur.

Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, bugünümüzün əsas hədəfi olan Qarabağın və Şərqi Zəngəzurun  dirçəldilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan məhz Ulu Öndərin həmişəyaşar ideyalarının işığında İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq bu arzunu reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü ilin  fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsi 2003-2023-cü illər üçün verilən bütün vədlərin yerinə yertirilməsinin təsdiqi oldu. Bu gün artıq sakinlərinə qovuşan  şəhərlərimizin sayı 10-a çatıb. Ümummilli Lider Heydər Əliyevin doğum günündə - 10 may tarixində 10-cu şəhər-Zəngilan  sakinlərini qarşıladı. Tarixi Zəfərimizdən sonra bayram, əlamətdar günlərdə dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfəri ənənə halını alıb. Ötən il 28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Həmin gün, həmçinin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın şəhərində Zirvə görüşü keçirildi. Tariximizin bu kimi qürurverici səhifələri çoxdur, onları vərəqlədikcə  müasir müstəqil, qalib Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasının böyük səylərə, qətiyyətə söykəndiyini əminliklə qeyd edirik.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan 108 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Müasir müstəqil Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövlətinə çevrilməklə yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibidir. Azərbaycan bu gün  müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir. Hazırda paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir.

Millət vəkili  bildirib ki, zəngin və qüruruverici tariximizin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması bütün dövrlər üçün öz aktuallığını qoruyur. Məhz bu məqsdələ 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin İstiqlaliyyət küçəsində  Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldılmışdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90, həmçinin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çoxəsrlik dövlətçilik tariximizdə çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.

Vüqar Rəhimzadə qeyd edib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım xalqın gələcəyə inamını əks etdirir. Azərbaycan xalqı da XX əsrin əvvəllərində öz taleyinə sahib çıxmaq, milli kimliyini qorumaq və müstəqil yaşamaq əzmini dünya tarixinə şərəfli və qürurverici səhifə kimi yazdı.