26 may 2026 17:31
104

Şərqin ilk parlament respublikasından regional lider dövlətə

1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən mühüm siyasi qərarlarından birini verərək müstəqilliyini elan etdi və Şərqdə, eləcə də müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması yalnız milli dövlətçilik tariximizin deyil, bütövlükdə regionun siyasi düşüncə sisteminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu hadisə Azərbaycan xalqının azadlıq iradəsinin, milli özünüdərkinin və dövlət qurmaq qabiliyyətinin parlaq təcəssümü kimi tarixə həkk olundu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, qısa müddətdə müasir dövlətçilik prinsiplərinə əsaslanan mühüm institutlar formalaşdırdı. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı öz müqəddəratını təyin etmək hüququnu bütün dünyaya bəyan etdi. Həmin sənəd dövlət hakimiyyətinin xalqa məxsus olduğunu, bütün vətəndaşların hüquq bərabərliyini və demokratik idarəçilik prinsiplərini təsbit edirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament və hökumət formalaşdırıldı, dövlət atributları qəbul olundu, milli ordu yaradıldı, vətəndaşlıq institutu təsis edildi. Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsi, çoxpartiyalı parlament modelinin qurulması və hüquqi dövlət prinsiplərinin tətbiqi AXC-ni dövrünün ən mütərəqqi dövlətlərindən birinə çevirmişdi.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın milli azadlıq və müstəqillik duyğuları ilə yaşaması ilə bağlı idi.” Bu fikir AXC-nin təsadüfi siyasi hadisə deyil, xalqın tarixi inkişafının məntiqi nəticəsi olduğunu bir daha təsdiqləyir. Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində sistemli addımlar ataraq milli dövlətçilik ənənələrinin əsasını qoydu. Dövlət bayrağının qəbul edilməsi, milli ordunun yaradılması, hüquq-məhkəmə sisteminin təşkili, diplomatik fəaliyyətin qurulması və maarifçilik siyasətinin həyata keçirilməsi dövlət institutlarının formalaşmasına xidmət edirdi. 1918-ci ilin avqustunda qəbul edilən “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar təhsilin ana dilində aparılmasına imkan yaratdı. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli və peşəkar kadr hazırlığı istiqamətində strateji addım idi. Eyni zamanda, Ədliyyə Nazirliyinin yaradılması və məhkəmə sisteminin formalaşdırılması hüquqi dövlət modelinin əsas sütunlarını təşkil edirdi. AXC-nin qəbul etdiyi qanunlar siyasi, iqtisadi və mədəni inkişafı təmin etməklə yanaşı, demokratik prinsiplərin cəmiyyət həyatında möhkəmlənməsinə də mühüm təsir göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində əsas məqsəd yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak və aparıcı dövlətlərlə diplomatik əlaqələrin qurulması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasına şərait yaratdı. 1920-ci ilin yanvarında Antanta dövlətlərinin AXC-ni de-fakto tanıması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu göstərirdi. Məhz bu siyasi-diplomatik fəaliyyət nəticəsində bolşevik işğalından sonra belə Azərbaycan dövlətçiliyi beynəlxalq hüquqi müstəvidə tamamilə aradan qalxmadı. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsi bu gün də müasir Azərbaycanın xarici siyasət strategiyasında öz əksini tapır. Müstəqil Azərbaycan Respublikasının çoxtərəfli diplomatiyası, beynəlxalq təşkilatlarda fəal iştirakı və milli maraqlara əsaslanan xarici siyasət kursu AXC-nin siyasi irsinin davamı kimi qiymətləndirilir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisliyini rəsmən təsbit etdi. Bu sənəddə 1918-ci il İstiqlal Bəyannaməsinə istinad olunması müasir Azərbaycanın dövlətçilik ənənələrinin AXC-yə söykəndiyini bir daha nümayiş etdirdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası missiyasını uğurla həyata keçirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın geosiyasi maraqlarına uyğun inkişaf strategiyası formalaşdırıldı. Ulu Öndərin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri dövlətçilik fəlsəfəsinin əsas ideoloji xəttinə çevrildi. 

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Son illərdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, milli maraqların təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ yaratdı. Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının tam reallaşmasının rəmzi kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır.” Bu siyasi xətt Azərbaycanın milli dövlətçilik modelinin davamlılığını və strateji dayanıqlığını təmin edir. Müstəqillik Günü ilə bağlı qəbul olunan qərarlar və həyata keçirilən tədbirlər dövlətçilik irsinə verilən yüksək dəyərin göstəricisidir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, AXC-nin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması və tarixi dövlət bayrağının Azərbaycana qaytarılması milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2021-ci ildə qəbul olunmuş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit edilməsi Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən başladığını hüquqi və siyasi baxımdan bir daha təsdiqlədi. 

28 May-Müstəqillik Günü Azərbaycan xalqının milli azadlıq idealının, dövlətçilik iradəsinin və siyasi müdrikliyinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə yaratdığı demokratik idarəçilik modeli ilə yalnız ölkəmizin deyil, bütün Şərqin siyasi tarixində mühüm dönüş nöqtəsi oldu. Bu gün müasir Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi kimi onun ideallarını uğurla yaşadır, dövlət müstəqilliyini daha da möhkəmləndirir və regionda yeni geosiyasi reallıqlar formalaşdırır. Güclü dövlətçilik ənənələrinə söykənən Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin edən, beynəlxalq nüfuzu artan və gələcəyə inamla irəliləyən müstəqil dövlət kimi inkişafını davam etdirir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı