31 may 2026 13:21
107

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) “Qolani” briqadasının bayrağı və İsrailin dövlət bayrağı Livanın cənubunda yerləşən Bofor qalası üzərində qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katsın bəyanatına istinadla “The Times of Israel” nəşri məlumat yayıb.

Nazirin sözlərinə görə, 1982-ci ildə Bofor uğrunda döyüşün 44-cü ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində "Qolani" briqadasının hərbçiləri qalaya qayıdaraq burada yenidən İsrail və briqada bayraqlarını ucaldıblar.

1948-ci ildə yaradılmış “Qolani” briqadası İsrail ordusunun ən tanınmış piyada hərbi birləşmələrindən hesab olunur.

Livanın cənubunda, Arnun kəndi yaxınlığında strateji yüksəklikdə yerləşən orta əsrlərə aid Bofor qalası uzun illər regionun mühüm hərbi məntəqələrindən biri olub. Qala müxtəlif dövrlərdə fələstinli silahlı qruplar tərəfindən istifadə edilib, 1982-ci ildə isə İsrailin Livana hərbi müdaxiləsi zamanı İsrail qüvvələrinin nəzarətinə keçib. İsrail ordusunun 2000-ci ildə Livanın cənubundan çıxmasına qədər Bofor ərazisi ölkənin yaratdığı təhlükəsizlik zonasının tərkibində olub.