01 iyun 2026 20:37
125

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

“İki sahil” təbrikləri təqdim edir:

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

“Zati-aliləri.

Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik, mütərəqqi yolla irəliləməkdə davam edir, ölkənin müstəqilliyi, suverenliyi daha da möhkəmlənir, xalqın arzu və istəkləri gerçəkləşir.

Ənənəyə uyğun olaraq, bu il də Müstəqillik Günü həm sosial-iqtisadi inkişaf istiqamətində, həm də regional və qlobal məsələlərdə yeni mühüm nailiyyətlərlə qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsindən sonra azad edilmiş torpaqların bərpası və yenidən qurulması prosesi uğurla və sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı Proqram Qarabağ bölgəsinin dirçəlişinə, yenilənməsinə, eləcə də ölkə iqtisadiyyatına inteqrasiyasına töhfə verir.

Bu gün dinamik və inkişaf edən iqtisadiyyatı ilə Azərbaycan əsas layihələr, təşəbbüslər irəli sürməklə və həyata keçirməklə regional tərəqqi, beynəlxalq əməkdaşlıq üçün hərəkətverici qüvvə kimi çıxış etməkdə davam edir.

Azərbaycan, həmçinin böyük nüfuz və təsir gücünə malik mühüm regional və beynəlxalq aktora çevrilir, Qoşulmama Hərəkatı, COP və digər beynəlxalq platformalar kimi qlobal təşkilatlarda və təşəbbüslərdə liderlik yolu ilə sülhü, təhlükəsizliyi və dialoqu müdafiə edir. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bunun daha bir sübutudur. Beynəlxalq münasibətlər sistemindəki böhran dövrlərində, beynəlxalq hüququn prinsiplərinin pozulduğu bir vaxtda Azərbaycan nümunə göstərərək bütün millətlər üçün dinc yanaşı yaşamağın müəyyən edilmiş norma və prinsiplərinə əsaslanan ədalətli bir dünyanı müdafiə edir.

Ermənistanla sülhün əldə edilməsi istiqamətində atılan addımlar Azərbaycanın regional sülhün və əməkdaşlığın bərqərar olmasına sadiqliyini nümayiş etdirir və bu, təqdirlə qarşılanır. Xüsusilə Ermənistanla ədalətli və davamlı sülhün əldə olunmasında Sizin şəxsi iştirakınızı və səylərinizi yüksək qiymətləndiririk. Bu məqsədə çatmaqda Sizə uğurlar arzulayırıq.

Zati-aliləri, bu il 20-ci ildönümünü qeyd etdiyimiz GUAM-ın təsisçi üzvü kimi Azərbaycanın fəal və konstruktiv rolunu yüksək qiymətləndiririk.

Biz GUAM-ın sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Son zamanlar baş verən dərin geosiyasi dəyişikliklər coğrafiyamızın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında təbii bir əlaqə kimi geostrateji əhəmiyyətini daha çox nümayiş etdirdi. Həmçinin təşkilatımızın üzv dövlətlərin və beynəlxalq ictimaiyyətin maraqları, rifahı naminə regionumuzun üstünlüklərindən və potensialından istifadə etmək gücündə olduğuna inanırıq.

Müstəqilliyi daha da gücləndirəcək və xalqlarımızın rifahını artıracaq ortaq təşəbbüslərimizi, layihələrimizi həyata keçirməkdə Azərbaycan Respublikası ilə əməkdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Hörmətli cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi ilə bağlı səylərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq”.

***

Polşa Respublikasının Prezidenti Karol Navrotskidən Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və öz adımdan ölkənizə, xalqınıza və şəxsən Sizə ən səmimi təbriklərimi, uğurlar və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa Respublikası ilə Azərbaycan Respublikasını ənənəvi dostluq əlaqələri və dinamik inkişaf edən əməkdaşlıq birləşdirir. Sizi əmin etmək istəyirəm ki, Polşa bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə, əməkdaşlığın bütün sahələrini əhatə etməsinə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində daim hazırdır.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Polşa üçün mühüm tərəfdaş olaraq qalır və dünyada baş verən ciddi geosiyasi dəyişikliklər fonunda əməkdaşlığımızın əhəmiyyəti daha da arta bilər. Bunu nəzərə alaraq, Sizi münasib hesab etdiyiniz vaxtda Varşavada qarşılamağı səbirsizliklə gözləyirəm.

Bir daha milli bayram münasibətilə bütün Azərbaycan vətəndaşlarını səmimi-qəlbdən təbrik edirəm. Ölkənizin gələcək inkişafı, suverenliyinin möhkəmləndirilməsi və regionda mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində Sizə yeni uğurlar arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

***

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək.

Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı. Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm.

Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Zati-aliləri, əziz Qardaşım.

Qardaş Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğumu bildirirəm. Qardaş xalqlarımızın qarşılıqlı mənafeyinə xidmət naminə bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni zirvələrə yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiqliyimi bir daha təsdiq edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Laos Xalq Demokratik Respublikası xalqı adından və öz adımdan

Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Son illərdə Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıqdan çox məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və yaxşı səviyyədə olan əməkdaşlıq gələcək illərdə xalqlarımızın qarşılıqlı faydası, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyodan Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

"Hörmətli Prezident, əziz Qardaş.

Nikaraqua Respublikasının Barışıq və Milli Birlik Hökuməti və xalqı adından, həmçinin öz adımızdan Sizi, qardaş Azərbaycan Respublikasının xalqını və Hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Biz hörmətli Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu dəyərləndirir, ölkənizin suverenliyinə, tərəqqi və rifah yoluna hörmətimizi bir daha ifadə edirik.

Mübarək və əbədi azad Nikaraquamızdan xalqlarımızı və hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət prinsipi əsasında daha da möhkəmləndirmək iradəmizi bir daha təsdiqləyirik.

Cənab Prezident, əziz Qardaş, Sizə və dost Azərbaycan xalqına davamlı sülh, tərəqqi və yeni qələbələr arzulayır, ən səmimi qardaşlıq salamlarımızı qəbul etməyinizi xahiş edirik”.

***

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Möhtərəm cənab Prezident.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktorluğu və kollektivi adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün Azərbaycan dövlətçiliyinin zəngin ənənələrini, milli birliyinin və ölkənin qlobal miqyasda daha da inkişaf etmək, nüfuzunu gücləndirmək səylərinin rəmzidir. Elm və təhsil bu prosesdə mühüm rol oynayır, Azərbaycan bunların sayəsində beynəlxalq elmi dialoqun inkişafına əhəmiyyətli töhfə verir.

Son yeddi onillik ərzində Azərbaycanın elm və təhsil mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında fundamental, tətbiqi elm sahəsində, həmçinin elm və təhsil proqramlarının həyata keçirilməsində davamlı tərəfdaşlıq münasibətləri qurulub. Bu qarşılıqlı əməkdaşlığın tarixi və əldə olunan nəticələrinə marağın elmi-publisistik fəaliyyətlərdə də öz əksini tapması sevindirici haldır.

Əminəm ki, Azərbaycanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun üzv dövləti kimi onun fəaliyyətində iştirakı, eləcə də ölkənin elmi ictimaiyyətinin birgə layihələrin həyata keçirilməsinə fəal şəkildə cəlb olunması onun elmi potensialının daha da güclənməsinə və beynəlxalq elmi əməkdaşlığın inkişafına bundan sonra da mühüm töhfələr verəcək.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, rifah və tərəqqi arzulayıram”.