03 iyun 2026 11:50
72

Belə televizor olar?

"Bugatti" şirkəti Avstriyanın "C Seed" brendi ilə əməkdaşlıq çərçivəsində qeyri-adi N1 transformasiya olunan televizorunu təqdim edib. Qurğunun dizaynı "Bugatti Tourbillon" hiperkarından həvəslənərək hazırlanıb. Model 110 və 137 düym ekran ölçüləri ilə, 4K təsvir keyfiyyətində satışa çıxarılacaq. Televizorun qiymətinin 200 min ABŞ dollarını keçəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Konsepsiyaya əsasən, qatlanmış vəziyyətdə N1 futuristik dizayna malik mebel elementi və ya dekorativ tumbanı xatırladır. Düyməyə basıldıqdan sonra televizorun korpusu təxminən 45 saniyə ərzində açılır və bu proses xüsusi vizual nümayiş effekti yaradır.

Televizorun ekranı 180 dərəcə fırlana bilir ki, bu da istifadəçilərə mebel düzülüşünə uyğun olaraq onun mövqeyini dəyişməyə imkan verir.

N1 modeli 4K MicroLED texnologiyası ilə təchiz olunub və HDR10+ standartını dəstəkləyir. Qurğunun xarici görünüşündə "Bugatti Tourbillon" modelinə xas karbon detallardan istifadə edilib. Bundan əlavə, televizorda qatlanan ekran hissələri arasındakı görünən birləşmə xətlərini minimuma endirən adaptiv kalibrləmə sistemi tətbiq olunub.

Konstruksiyaya həmçinin yüksək keyfiyyətli səs təcrübəsi təmin edən Wisdom Audio audio sistemi inteqrasiya edilib.

Yeni N1 modeli yüksək texnologiya, lüks dizayn və innovativ mühəndislik həllərini bir araya gətirərək premium seqmentdə fərqlənməyi hədəfləyir.