05 iyun 2026 19:32
140

Sosial media qidalanma vərdişlərinə necə təsir edir?

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə mükəmməl görünüşə yönələn təzyiqlər və sosial medianın təsiri qidalanma pozuntularının yayılmasını sürətləndirir. Bu səbəbdən qidalanma pozuntuları dövrümüzün ən təhlükəli psixi sağlamlıq problemlərindən biri hesab olunur.

Türkiyənin Ankara Universitetinin Psixi sağlamlıq və xəstəliklər kafedrasının müəllimi, Burçin Çolak qeyd edib ki, sosial media platformaları bu problemlərin artmasında mühüm rol oynayır. Onun sözlərinə görə, sosial şəbəkələrdə yaradılan arıqlıq və ideal görünüş anlayışı xüsusilə gənclərdə ciddi psixoloji təzyiq formalaşdırır. Mütəxəssis vurğulayıb ki, qidalanma pozuntuları qadınlarda kişilərlə müqayisədə təxminən 10 dəfə daha çox müşahidə olunur. Bununla yanaşı, kişilər cəmiyyətin gözləntiləri səbəbindən problemlərini gizlətməyə meyilli olduqları üçün xəstəliyin diaqnozu gecikə bilir.

Qidalanma pozuntularının ən təhlükəli formalarından birinin anoreksiya nervozu olduğunu bildirən Çolak qeyd edib ki, bu xəstəlik qidadan imtina etmə və ya qəbul edilən qidanın qusma yolu ilə xaric edilməsi ilə müşayiət olunur. Digər geniş yayılmış problem isə emosional gərginlik, qəzəb və ya kədər hiss etdikdə yüksək kalorili qidaların nəzarətsiz şəkildə qəbul edilməsi ilə xarakterizə olunan həddindən artıq qida qəbulu pozuntusudur.

Çolak ailələrin xəstələri günahlandırmamasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, davamlı kalori hesablamaları aparmaq, yeməkdən sonra uzun müddət güzgü qarşısında öz görünüşünü həddindən artıq tənqid etmək, normadan artıq idmanla məşğul olmaq və sosial münasibətlərdən uzaqlaşmaq xəstəliyin əsas əlamətləri sırasındadır. Mütəxəssis, həmçinin bildirib ki, qidalanma pozuntuları təkcə psixoloji deyil, bütün orqanizmə təsir göstərən ciddi sağlamlıq problemidir. Buna görə də müalicə prosesində psixiatr, terapevt, endokrinoloq, dietoloq və psixoloqdan ibarət multidissiplinar komandanın iştirakı vacibdir. Eyni zamanda, valideynlər və yaxınlar xəstənin davranışlarını diqqətlə izləməli və vaxtında peşəkar dəstəyə müraciət etməlidirlər.

Şahnigar Əhmədova, “İki sahil”