Zaur İbrahimli: Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra yenidən rəsmi İrəvanın sülh kursuna, regional əməkdaşlığın inkişafına və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bəyan edib. Mətbuat nümayəndələrinin Türkiyə və Azərbaycan xalqlarına ünvanladığı mesajla bağlı suallarını cavablandıran Paşinyan Ermənistan hökumətinin mövqeyinin dəyişməz qaldığını bildirib: “Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”.

Paşinyan qeyd edib ki, əsas vəzifələrdən biri Ermənistan və Azərbaycan arasında sülh prosesinin instituallaşdırılmasıdır. O xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini razılaşdırıblar və növbəti addım onun imzalanması olmalıdır. Ermənistan-Türkiyə münasibətlərinə toxunan Paşinyan iki ölkə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.
Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heytəinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir: “Ermənistan Baş nazirinin rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh diplomatiyasının uğurudur. Bu diplomatiya Ermənistanın müasir, çağdaş tarixində ilk dəfə olaraq optimal, yeganə mümkün doğru yolu açmağa imkan verdi.

Siyasi şərhçi qeyd etdi ki, Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi. Baş nazir Paşinyan məhz fəal şəkildə sülh təşəbbüsləri ilə çıxış etdikdən, Azərbaycanla, Türkiyə ilə kommunikasiyaların açılması ilə bağlı cəsarətli şüarlar səsləndirdikdən sonra onun elektoral dəstəyi sürətlə artmağa başladı: “Erməni cəmiyyəti bu təşəbbüslərə, şüarlara, sülhə səs verdi. Bu düşüncə dəyişikliyi əsasən Azərbaycanın sülh diplomatiyası ilə möhkəmləndi, Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərlə başlayan sülh gündəliyi uzun müddət davam edən güclü müqavimətdən sonra yeganə real doğru seçim kimi ilk olaraq erməni elitası tərəfindən, daha sonra isə cəmiyyət tərəfindən qəbul edildi, dərk olundu. Üç il əvvəl isə indiki hakim komanda tam fərqli mövqedən çıxış edirdi, ABŞ fərqli prizmadan yanaşırdı, Brüssel, Avropa İttifaqı ayrıcı xətlər çəkirdi. Yaxın keçmişə baxanda Azərbaycanın, Prezident İlham Əliyevin sülh uğrunda necə əzmlə mübarizə aparıdığı daha aydın görünür. Bütün təzyiqlərə, vədlərə baxmayaraq Azərbaycan rəhbərliyi real, dayanıqlı sülh perspektivini güzəştə, getmədi, sülh gündəliyini qorudu. Bu gün Paşinyan məhz Azərbaycanın qoruduğu, irəli apardığı sülh gündəliyi ilə qalib gəlir. Əlbəttə, zərərin yarısından qayıtmaq da xeyirdir, erməni cəmiyyəti sülhü seçməklə ilk növbədə öz müstəqil dövlətçiliyini qorumağı seçdi, vassal taleyindən imtina etdi. “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi öz təhlillərində Erməni cəmiyyətinin sülhü seçəcəyini, ən azı tarixin indiki mərhələsində bir daha vassallığa qayıtmaq istəməyəcəyini arqumentlərlə əsaslandırırdı və bildirirdi ki, seçkilərin nəticələri pozitiv dalğa yarada bilər. Azərbaycanın əsas gözləntisi seçkilərdən dərhal sonra Ermənistan rəhbərliyinin Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsidir. Xarici nümayəndəliklər bağlanmalıdır, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır. Ermənistan hökumətinə məxsus bütün növ əmlak geri alınmalıdır, diasporaya açıq mesaj verilməlidir ki, Qarabağ separatçılarının, bu cinayətkarların tör-töküntülərinin hansısa formada dəstəklənməsi dövlətə, hakimiyyətə qarşı addım kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. Bu, həmçinin erməni cəmiyyətinin real olara yeni tarixi səhfə açmaqda qərarlı olmasının bariz əlaməti olacaq”.
Z. İbrahimlinin qənaətinə görə, digər vacib məsələ, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar praktik addımlar atılması, sərhədlərin delimitasiya və demarkasiya işlərinin sürətlənməsi, sülh sazişinin imzalanması üçün konstitusiya islahatlarının həyata keçirilməsi, xaricdə ölkəmiz əlyehinə hər hansı ideoloji işin və aparılmasına dəstək verilməməsidir.
Zahid Rza, “İki sahil”