Ermənistanda parlament seçkiləri başa çatsa da rəsmi nəticələr hələ elan olunmayıb.
Lakin artıq bəzi ölkələrdən Nikol Paşinyanı qələbə münasibətilə təbrik edənlər var. Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlayaraq onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasını seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edib.
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də Nikol Paşinyanı təbrik edib.
Eks-prezident bu barədə özünün “X” səhifəsində yazıb: "Bu gün Ermənistan qətiyyətlə azad, müstəqil həyatını və gələcəyini Avropa ilə seçdi".
Ekzit-polun yekunlarına görə “Vətəndaş müqaviləsi” partiyasının namizədi Nikol Paşinyan öndə gedir. Lakin bu məlumat hələ tam üstün olmaq demək deyil. Əsas məsələ seçki qutusundan digər namizədlərdən üstün çıxmaqdır. Məsələnin ikinci tərəfi Rusiyanın seçkilərin nəticələrinə təsirindən də müəyyən dərəcədə asılıdır. Çünki son hadisələr, xüsusilə 100 min erməninin bu ölkədən gətirilməsi Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına hesablanıb. Baş nazirliyə namizədlər Robert Koçaryan və Samvel Karapetyan bu ölkənin seçkilərə pərçim etdiyi rezidentlərdir. Şayətdir, onlar seçilsələr kimə xidmət edəcəklərini, haradan buyuruq alacaqlarını bilirlər. Rəsmi Moskva Ermənistanın Avropaya yolunu bağlamaq üçün hər vasitəyə əl atır ki, onu öz məqsədindən çəkindirsin və yenidən vassalına çevirsin. Lakin onun hərəkətləri maraqlı xarici ölkələr tərəfindən diqqətlə izlənilir.
Prezident Emmanuel Makron seçkilərin ertəsi günü bildirib ki, Rusiya Ermənistanda keçirilən parlament seçkilərinə müdaxilə edib. Qeyd edib ki, bu müdaxilə Fransa xüsusi xidmət orqanları tərəfindən müəyyən olunub.
Fransa liderinin sözlərinə görə, Paris seçkilərə xarici müdaxilə, təsir və manipulyasiya cəhdlərinə qarşı mübarizə aparmaq üçün İrəvanla sıx əməkdaşlıq edir. O qeyd edib ki, erməni xalqı öz suverenliyinə və müstəqilliyinə böyük dəyər verir və Fransa bu cür müdaxilələrin ifşa olunmasına ona kömək göstərəcək.
Odur ki, səslərin hesablandığı indiki həssas məqamda Nikol Paşinyan Rusiyanın qəzəbini yumşaltmaq üçün bəzi siyasi gedişlər etməyi vacib hesab edir.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hazırda Avropa İttifaqına (Aİ)daxil olmaq üçün namizəd statusu almağa hazır olmadığını bildirib.
Mətbuatın verdiyi məlumata görə, o, bu barədə yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib. Baş nazirin sözlərinə görə, referendum yalnız konkret əsas olduqda-Aİ üzvlüyü və ya namizəd statusu üçün rəsmi müraciət edildikdə mümkündür: "Ermənistan ən azı rəsmi olaraq Aİ üzvlüyünə müraciət etməli və ya namizəd statusuna malik olmalıdır. Hazırda bunların heç biri yoxdur, çünki biz obyektiv olaraq hazır deyilik". Sonra fikrinə əlavə edib ki, ölkənin islahatlara ehtiyacı var.
Baş nazir həmçinin vurğulayıb ki, İrəvan islahat prosesini sürətləndirmək niyyətindədir. Paşinyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyindəki (AİB) üzvlüyündən məhrum edilə bilməz, çünki qurumun daxilində qərarlar konsensus yolu ilə qəbul olunur və ölkənin veto hüququ var. Sitatlardan da göründüyü kimi Nikol Vovayeviç elə arqumentlər gətirir ki, guya ölkəsinin Avropa İttifaqına üzvlük məsələsi üçün hələ uzun illər tələb tələb olunur. Ermənistan lazımi islahatlar aparmalı, bir çox sahələrdə avrostandartlara keçməli, öz üzərinə müəyyən öhdəliklər götürməli, yalnız bundan sonra Aİ-yə üzvlük barədə müraciət etməlidir. Bütün bunları sadalamaqda Paşinyanın məqsədi qarşı tərəfdəkilərin “başını tumarlayıb” bir qədər sakitləşdirməkdir ki, seçkilərin nəticələrindən hürkməsinlər. O, indiyədək Moskvaya belə badalaqlardan çox gəlib və çoxunda qalib çıxıb.
Ermənistan vassallıqdan azad olmağın bir addımlığındadır. Paşinyan çalışır ki, bu işi insidentsiz başa çatdırsın. Başa düşür ki, əgər seçkilərdə qalib gələrsə bu, Rusiyanın həm Ermənistandan, həm də Cənubi Qafqazdan çıxması deməkdir. Kremldə də yaxşı anlayırlar və ona görə də son anadək Ermənistandan əl çəkmək istəmirlər. Əgər Paşinyan seçilsə “mərkəzdən qopma” prosesi daha da sürətlənəcək. Bundan başqa, Kremlin məğlubiyyəti dünya miqyasında onun nüfuzuna ağır zərbə olacaq. Əlaltdan və ya açıq formada Ermənistana hər cür dəstək verən ölkələr marıqda durub məhz bu sonluğu görmək istəyirlər. Axı, bu dünyada hər işin bir sonu olur, ya şirin, ya da acı.
Vəli İlyasov, “İki sahil”