Səməd Vurğunun ev-muzeyində görkəmli ədibin 120 illik yubileyi münasibətilə bu adda konsert proqramı təqdim edilib
Məlum olduğu kimi, bu il XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 fevral 2026-cı il tarixli Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano sinfinin müəllimi Sevda Qurbanzadənin şagirdləri bənzərsiz poeziya ustasının ev-muzeyində rəngarəng konsert proqramı təqdim ediblər.
Konsertdən əvvəl çıxış edənlər bildiriblər ki, bu il 120 illik yubileyi ölkə miqyasında böyük təntənə ilə qeyd edilən Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan dahi şair bütün yaradıcılığı boyu nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Səməd Vurğunun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən seşgisinin poetik ifadəsidir.
Diqqətə çatdırılıb ki, cənab Prezident İlham Əliyevin Sərəncamında görkəmli poeziya ustasının yubileyini yüksək səviyyədə qeyd etmək məqsədilə rəngarəng tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün böyük mütəfəkkirin ev-muzeyində Süleyman Ələsgərov adına Bakı şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano sinfinin müəllimi Sevda Qurbanzadənin şagirdlərinin təqdim edəcəkləri konsert proqramı da məhz bu məqsədə xidmət edir. Başqa sözlə, məktəbin istedadlı şagirdlərinin ifasında səslənəcək rəngarəng konsert proqramı balaca fidanların böyük şairin şanlı yubileyinə kiçik hədiyyəsidir.
Sonra konsert proqramı təqdim edilib. Şagirdlərin xorla oxuduqları dahi şairin “Azərbaycan” şeirinin sözlərinə bəstəkar Ələkbər Tağıyevin bəstələdiyi mahnı ilə başlayan konsertdə balaca müsiqiçilərin ifasında görkəmli Azərbaycan və dünya bəstəkarlarından Ü. Hacıbəylinin, F. Əmirovun, T. Quliyevin, X. Mirzəzadənin, Ə. Abbasovun, V. Adıgözəlovun, Ş. Axundovanın, F. Şopenin, E. Qriqin, S. Prokofyevin, V. Gillokun, İ. Baxın və başqalarının əsərləri, həmçinin Səməd Vurğunun bədii qiraət olunan aforizmləri, məşhur “Azərbaycan”, “Dörd söz”, “Dünya” və “Ceyran” şeirləri maraqla qarşılanıb.
Konsertin sonunda şagirdlər “Təşəkkürnamə” ilə təltif olunublar.